Müharibəyə hazırlıq başladı – “Ermənistanı 26 sentyabr 2020-ci ilə qaytarmaq istəyirlər”

Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklər, İrəvandan, eləcə də Bakıdan verilən müxtəlif məzmunlu bəyanatlar regionda yeni eskalasiyanı gündəmə gətirib. Bəzi beynəlxalq analitik dairələr də hərbi toqquşma ehtimalının qaldığını bildirirlər. Bu proseslərin fonunda Ermənistan sürətlə silahlanır və bu ölkənin ekspertləri revanşist açıqlamalar verirlər. 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd qeyd edib ki, müharibədən sonra Ermənistanın silah alması normaldır, çünki savaş zamanı xüsusilə hava hücumundan müdafiə sistemləri tamamilə sıradan çıxarılmışdı:

“Rəsmi İrəvanın aldığı silahların xarakteristikasına baxdıqda görürük ki, onlar daha çox Azərbaycanın arsenalındakı silahları zərərsizləşdirə biləcəklər silahlar alır. Daha sonra Ermənistan nəinki müdafiə silahları, hətta qısamənzilli ballistik raketlər də sifariş verdi. Ermənistana bu işdə xüsusi canfəşanlıqla yardımçı olan ölkələr Fransa və Hindistan oldu. Fransanın marağı fərqlidir, Hindistanın marağı isə tamam fərqli. Fransa Ermənistanı müharibədən əvvəlki, yəni 26 sentyabr 2020-ci il səviyyəsinə gətirib çıxarmaq istəyir. Ona görə də sürətli silahlanmaya gedirlər”.

Hərbi ekspertin fikrincə, Ermənistanın sülh müqaviləsi ilə bağlı ortaya qoyduğu şərtlər onu deməyə əsas verir ki, onlar vaxt qazanmaq istəyirlər:

“Regionda müharibənin olacağı mümkün görünür. Misal üçün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov müsahibəsində qeyd etmişdi ki, hətta Ermənistanla sülh müqaviləsi bağlasaq belə, müharibə riski qalacaq. Dolayısı ilə Cənubi Qafqazda müharibənin olma ehtimalı son dərəcə yüksəkdir. Beynəlxalq analitik mərkəzlər də Cənubi Qafqazda müharibənin olacağını proqnozlaşdırırlar. Azərbaycan da silahlanmaya gedir və bu yöndə ciddi addımlar atır. Azərbaycan tərəfinin şərti də konkretləşib – Ermənistan konstitusiyası dəyişdirilsin, sonra sülh müqaviləsi imzalansın.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan heç müharibə etmək istəməsələr belə, bu regionda müharibənin olmasını, gərginliyin davam etməsini istəyən qüvvələr var. Fransanın, Rusiyanın, ABŞ-ın regionda maraqları və bu maraqların təmin edilməsi üçün hər varianta baş vuracaqlar”.

Ekspert Ermənistanın Azərbaycanla müharibə etməsi üçün 2-3 ilə ehtiyacı olduğunu düşünmür:

“Çünki həm zaman qısadır, həm insan resursu buna imkan vermir, digər tərəfdən isə sifariş etdikləri silahlar lap qısa zamanda gəlmiş olsa belə, onun şəxsi heyət tərəfindən qavranılması ciddi zaman alar. Ermənistanın özünün potensialı olmasa da, onun havadarı olan ölkələrin həm proksi qüvvələrini gətirərək şəxsi heyət problemini həll etmək, həm də müasir silahları istifadə edəcək mütəxəssisləri verəcək gücləri var”.

Safura Bənnayeva
Globalinfo.az