“Gəzən tabutlar” qorxu yaratdı – Onlara niyə belə deyirlər?

Son vaxtlar elektrikli avtomobillərlə bağlı kampaniya başlayıb. Bu avtomobilləri hərəkət edən “tabut” adlandırırlar. İddia edilir ki, sözügedən nəqliyyat vasitələri insan orqanizmi üçün təhlükəli elektromaqnit dalğaları buraxır. Deyilənə görə, ABŞ-da “Tesla” avtomobillərinin sahibləri və digər elektrikli avtomobil sürücüləri davamlı şəkildə xəstəxanalara müraciət edirlər. Deyilənlər nə dərəcədə doğrudur? 

Bu, elektrikli avtomobillərə qarşı, bazar əleyhinə kampaniyadır, yoxsa gerçəyi əks etdirir?

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu məsələ iki qütb arasında bir savaşın göstəricisidir.

Ekspertin sözlərinə görə, hər zaman benzin “mafiyası” elektromobilə qarşı mübarizə aparıb:

“Eyni zamanda da elektomobillər də benzinlə bağlı bazara girə bildiyinə görə, öz sözlərini deməyə çalışırlar. Lakin ola bilsin, elektromobillərin bəzi modellərində müəyyən problemlər var. Məsələn, Amerikanın bəzi ştatlarında iqlim şəraiti sərt olduğuna görə, elektromobillər gözlənilən etimadı doğrultmur. Problem ondadır ki, həmin maşın 400-500 km məsafə qət etməli olduğu halda elə olur onun yarısı qədər yol qət edir. Hətta alışma kimi bir hal baş verə bilir. Bu yaxınlarda Azərbaycanda da Bakıya qar yağan zaman elektrikli avtomobil idarə edən tanıdığımız insanlar sosial şəbəkələrdə maşının 400 km getməli olduğu halda 200 km nəticə verdiyini yazırdılar. Yəni bu kimi hallar var”.

Elməddin Muradlı deyib ki, elektrikli avtomobillərin hansısa xəstəliklər yaratması iddiasının gərək elmi əsası olsun:

“Bu sözü deyənlər mütləq onun elmi əsasını da göstərməlidirlər. Ümumiyyətlə, bu, yenilikdir. Bizim öyrəşdiyimiz ənənəvi avtomobillər də çox sınaqdan keçib. Hazırda benzinlə sürdüyümüz avtomobil vaxtilə elektrik mühərrikli maşın kimi istehsal olunub. Sonradan hansısa dəyişikliklər baş verib və keçiblər dizel mühərrikinə, neft və benzinə. Elektromobillərin də müəyyən bir dövrdən sonra təkmilləşmə ehtimalı böyükdür. Bəlkə, gələcəkdə su ilə idarə olunan avtomobillər meydana gələcək, fərqli texnologiyalar tətbiq olunacaq. Elektrikli avtomobillərdən qorxmaq lazım deyil. Müasir dövrün yeni texnologiyasıdır, çox da səmərəlidir. Hansısa söz deyilirsə də, bunun mütləq elmi əsası olmalıdır”.

Mülahizələrə görə, elektriklə çalışan avtomobillərin başqa mənfi, təhlükəli tərəfi də var. Deyilənə görə, batareyanın tərkibində kimyəvi maddə litium ekologiyaya çox zərər vurur. Onun istismar müddəti başa çatdıqdan sonra zibilliyə atılanda əriməsi, yox olması uzun illər çəkir. Bu da ciddi radiasiya yaradır. 5-6 ildən sonra elektrikli maşınların sayı kütləvi şəkildə artacaq. Batareyaların istismar müddəti bitdikdən sonra isə onların təbiətə, insanlara necə zərərli olacağını indidən düşünəndə ciddi narahatlıq yaranır.

Zaira Akifqızı
Globalinfo.az