Çinin Türk dünyasına açılan qapısı – Pekinin nizam tərəzisində Bakının çəkisi artır

“Azərbaycanla Çin bu zamana qədərki münasibətlərində həlledici məsələlərdə heç bir gərginlik yaşamayıb və əlaqələr yüksək səviyyəli mərtəbəyə çatıb. Nəzərə almaq lazımdır ki, dünyanın iqtisadi qüdrəti olan Çinin tərəzisində Azərbaycanın ağırlığı artır və Bakı da dünyada yeni münasibətlər sisteminin inşası cəhdlərinin tüğyan etdiyi zamanda Pekinlə əməkdaşlıq sferasını genişləndirmək əzmindədir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəni şərh edərkən deyib.

Onun sözlərinə görə, Çin beynəlxalq platformalarda Azərbaycana qarşı kampaniyalara qoşulmur, əksinə, “səssiz ordu”su olan iqtisadi rıçaqlarından Bakının regional oyun qaydalarındakı yerini möhkəmlətmək üçün istifadə edir:

“Dünya nizamındakı qüvvələr və güc nisbəti Çinin xeyrinə doğru dəyişmək axarına girib. Oxumaq olur ki, Azərbaycan xarici siyasət kursunu “Çin mərkəzli” trayektoriyaya yönləndirir.

İlham Əliyevin müsahibədəki tezislərinin ümumi xarakteristikasından belə qənaət hasil olur.

Prezident İlham Əliyev müsahibədə digər qlobal oyunçuları tənqid, Çini isə təqdir etdi. İlham Əliyevin sitatı: “Bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır”.

Bunun paralelində İlham Əliyev müsahibədə Çinin iqtisadi, texnoloji resurslarla dünya siyasətindəki həlledici rolundan danışdı.

Bununla da Azərbaycanın xarici siyasət kursundakı strateji hesablamaların açarını təqdim etdi.

Bu hesablamalarda Çinə ən ağıllı və başqasının potensialını düzgün qiymətləndirən oyunçu kimi baxılır.

Belə olan təqdirdə, Çindəki iqtisadi artım tempi və bunun qlobal siyasətdəki təzahürləri Azərbaycana sərfəli görünür. İlham Əliyev bunu: “Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir”, – deməklə ifadə etdi.

A.Kərimovun sözlərinə görə, beynəlxalq münasibətlər arenasında Türk Dövlətləri Təşkilatının iti addımlarla irəliləməsi Çinin diqqətindən kənarda qala bilməz:

“Çünki TDT böyük iqtisadi gücdür. Çin kimi iqtisadi ekspansiya ilə qüdrətlənən ölkə həmin potensialı öz xeyrinə inkişaf etdirmək istəyir.

Bu mənada Çin öz maraqlarını Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionunun iqtisadi-siyasi birləşdirici xüsusiyyətlərini cəmləşdirmiş TDT-yə inteqrasiya etmək niyyətindədir.

Çinin strateji baxış bucağının Cənubi Qafqaza fokuslanan hissəsi dünyanın siyasi xəritəsinin dəyişdirilməsi üçün atılan addımlar fonunda daha da itiləşir.

Azərbaycan 44 günlük müharibədə qələbə qazandıqdan sonra meydana çıxan reallıqlar, dünyada cərəyan edən proseslər Çinin Cənubi Qafqaza olan marağını gücləndirir.

Vəziyyət Çini təhrik edir ki, Cənubi Qafqazdakı habda iştirak dərəcəsini yüksəltsin və Rusiyadan regional iqtisadi rıçaqları qopara bilsin.

Çini buna vadar edən yuxarıda Zəngəzur dəhlizi layihəsidir. Ona görə ki, Zəngəzur dəhlizi Çinin “Bir Kəmər, Bir yol” təşəbbüsündə “Orta Dəhliz” roluna yiyələnəcək.

İlham Əliyev “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb”.

Turan Rzayev
Globalinfo.az