Cahangir Əsgərovdan sonra növbə kimindir? Hədəfdəki yüksək vəzifəli məmurlar – SİYAHI

Hakimiyyətdəki “İxtiyarlar heyəti”nin bir üzvü getdi. Cahangir Əsgərov AZAL prezidenti vəzifəsindən azad edildi. Bu haqda Prezident İlham Əliyev sentyabrın 1-də sərəncam imzaladı. Beləliklə, Əsgərovun AZAL prezidenti kimi 27 illik cahangirliyi başa çatdı…

Gözlənilirdi. C.Əsgərovla bağlı sərəncamın imzalanmasına ictimai rəy çoxdan hazır idi. Yanvar ayından başlayaraq vaxtaşırı onun işdən çıxarılması, hətta həbs edilməsi barədə məlumatlar yayılırdı.

Cahangir Əsgərovla bağlı həmin vaxtlar araşdırma aparılırdı. AZAL-da total yoxlamalara aylardır start verilib. Globalinfo.az-a bu ilin aprelində məlumat daxil olmuşdu ki, AZAL-ın maliyyə-təsərrüfat işlərinə rəhbərlik edən şəxslərin hamısı sorğuya çəkilib. Məlumatlı mənbələrin dediyinə görə, AZAL-da yeyintinin, mənimsəmənin miqyası o qədər çox olub ki, bunu araşdırmaq üçün bir neçə ay bəs etməyib.

C.Əsgərovla bağlı məsələ sıradan işdən çıxarılma deyil. Bu, hakim komandada növbəti təmizləmə əməliyyatı kimi anlaşılır. Globalinfo.az bu mövzuda bir neçə dəfə yazıb. İyun aylında üç məmurla bağlı qərarın verilməsi barədə məqalə dərc etmişdik. Həmin məqalədə Dini Komitə rəhbəri Mübariz Qurbanlının, Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun və AZAL prezidenti Cahangir Əsgərovun yaxın vaxtlarda vəzifədən uzaqlaşdırılacağını bildirmişdik.

Artıq bu məşhur üçlükdən biri getdi. C.Əsgərovun 27 illik karyerasına son verildi. Qaldı ikisi. Əslində vəzifədən çıxarılacaq iki nəfər deyil, daha çoxdur. Sadəcə Mübariz Qurbanlı ilə Yaqub Eyyubovun işdən uzaqlaşdırılacağı barədə xəbərlər daha intensivdir, üstəlik məntiqlidir.

Mübariz Qurbanlının rəhbərlik etdiyi sahədəki çatışmazlıq İranla gərgin münasibətlər zamanı çılpaqlığı ilə üzə çıxdı.

Mübariz Qurbanlı

Məlum oldu ki, İran Azərbaycanda dindar, inanclı adı altında böyük bir casus şəbəkəsi yaradıb, idarə edirmiş. DİN və DTX bu şəbəkəni demək olar ki, çökdürüb. Məscidlərə təyin edilən axundların əksəriyyətinin İrana necə bağlı olduğu da bilinən acı həqiqətdir. O zaman sual yaranır: Dini Komitə, onun rəhbərləri nə işlə məşğul olublar ki, İran burda at oynadıb, hörümçək toruna bənzər şəbəkə qurub? Ona görə də bu cür yarıtmaz fəaliyyətlə məşğul olan birinin uzun zaman vəzifədə qalacağı əsla inandırıcı görünmür.

Yaqub Eyyubovla bağlı qərarın verilməsinin bir neçə səbəbi var. Öncə yaş amilidir. Nazirlər Kabinetində bu yaşda kadr qalmayıb. Üstəlik Y.Eyyubovun Rusiyaya bağlılığı, özünün və oğullarının adının müxtəlif maxinasiyalarda vaxtaşırı hallanmsı birinci vitse-premyeri hədəfə gətirir. Yəqin bu ilin sonuna kimi o da yola salınar.

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

Yaqub Eyyubov

Bu il və növbəti il ciddi islahatlar ili kimi yadda qalacaq. İdarəetmədə optimallığın, çevikliyin, şəffaflığın təmin olunması üçün dövlətin proqramının olduğu deyilir. Əsasən referenduma gediləcəyi haqda söz-söhbətlər dolaşır. İki ildir bu mövzu gündəmdən düşmür. İcra hakimiyyəti sistemində köklü dəyişiklər barədə zaman-zaman proqnozlar verilir. Əslində dövlətin belə niyyətinin olduğu bəllidir. Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması, tətbiqi bu fikri xeyli əsaslı edir.

Milli Məclisin tərkibində, sayında da nəzərə çarpan dəyişikliyin olacağına dair məlumatlar var. Qanunverici orqanda, deputat korpusunda yenilənmələrin davamını yəqin ki, çox çəkməz, görərik.

Azərbaycan önəmli mərhələyə qədəm qoyub. 44 günlük müharibədən sonra ölkənin taleyi dəyişib. Məğlub durumdan, məğrur duruşa transfer etmişik. İşğal faktının əsaslı şəkildə aradan qaldırılması düşüncələrdə islahatlara səbəb olub.

Müharibədə qalib gəldik, torpaqları azad etdik, qayıdış proqramına start verdi, abadlıq-quruculuq işlərinə başladıq. Bundan sonrası nə olacaq? Cavabını gözləyən əsas suallardandır. “Qalib gəldik” “Düşməni məğlub etdik”, “Şuşaya bayraq sancdıq”, “Qarabağı qaytardıq” şüarlarının arxasında real fəaliyyət dayanmalıdır. Prezident ona görə vaxtaşırı islahatlara gedir. Kadr dəyişikliyi edir.

Qarabağın bizdə qalması, ora köçən əhalinin normal yaşaması, cəmiyyətin, xalqın məmnunluğu, dövlətin təhlükəsizliyi üçün ciddi islahatlara, kadr dəyişikliyinə, şəffaf idarəetməyə ehtiyac var.

Aydın Aslan
Globalinfo.az