Gəncədə Pasxa bayramı qeyd olundu – FOTO

Pasxa bayramı Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində də qeyd edilib.

Globalinfo.az xəbər verir ki, Qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər.

Bu gün səhər saatlarında icra olunan mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri iştirak ediblər.

Bayram münasibətilə icra edilən ayinlərdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar oxunub.

Sonra Pasxa bayramında vacib sayılan bir sıra dini ayinlər icra edilib, şamlar yandırılıb, dualar edilib.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.