“Böyük Qayıdış” Qarabağla başlasa da, bu ərazi ilə bitəcək – Şərh

Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir.

Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək.

Maraqlıdır, bəs hazırda bu proses necə aparılır? Böyük qayıdışa mane olacaq qüvvələr və maneələr varmı? Azərbaycan üçün böyük qayıdış siyasəti niyə bu qədər önəmlidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Böyük Qayıdış” 27 illik həsrətin sonu və bütövlükdə işğal prosesinin sonlanması deməkdir:

Qabil Hüseynli

“İlk öncə onu qeyd etmək lazımdır ki, 44 günlük ikinci Qarabağ müharibəsi ən yeni tariximizin başlanğıcıdır. Yəni müstəqil Azərbaycanın tarixinə artıq 44 günlük müharibəyə qədərki və sonrakı dövrlər olaraq baxmaq lazımdır.

Cəmi 44 gün ərzində ordumuz 27 illik işğala son qoydu. Başda Şuşa olmaqla, torpaqlarımızın böyük qismi işğaldan azad edildi. Müharibədə əldə edilən qələbə hər nə qədər önəmlidirsə, işğaldan azad edilən ərazilərin bərpası və məcburi köçkünlərin ora qayıdışı da bir o qədər önəmlidir.

Bu məsləyə dövlətimizin göstərdiyi diqqət təqdirəlaqyidir. Çox qısa zamanda həm böyük qayıdış, həm yenidənqurma layihələri təqdim edildi. Görünən odur ki hələ işğal zamanı bu layihələr hazırlanmış və ehtimal qələbə sonrası icrası nəzərdə tutulub. Bu bir daha Prezident İlham Əliyevin uzaqgörən dövlət başçısı olduğunu sübut edir”.

Politoloq bildirib ki, bu gün “Böyük Qayıdış” siyasəti dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir:

“Artıq işğaldan azad edilən ərazilərdə geniş çaplı yenidənqurma işləri görülür. Hətta bəzi kəndlər, qəsəbələr yaşayışa əlverişli hala gətirilib. Təbii ki başda Ağalı kəndi olmaqla, bir sıra yaşayış məskənlərinə ilk köçlər reallaşıb.

Bütün bunlar ona görə tez və sürətli edilir ki, ermənilərin ehtimal provokasiya və ya işğalçılıq cəhdləri baş tutmasın. Rəsmi İrəvan 27 il ərazində işğal edilən ərazilərdə yenilik etmədiyi kimi, təbii sərvətləri talan edib. Bu vandallıq onu göstərir ki, Ermənistan Qarabağı heç vaxt öz torpağı görməyib və bir gün Azərbaycanın bu işğala son verəcəyini bilirdi.

Bu gün Azərbaycanın işğaldan azad edilən əraziləri yenidən qurması bir daha onu göstərir ki həmin bu ərazilərin əsil sahibi bizik”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Turan Rzayev
Globalinfo.az