Böyük güclərin qorxunc planları – Azərbaycanı yox etmək istəyirlər

Bütün istiqamətlərdən üzərimizə gəlirlər. Ənənəvi kvartet yenə iş başındadır. ABŞ, Avropa Birliyi, Rusiya, İran sanki sözü bir yerə qoyublarmış kimi hərəkət edirlər. Sağdan, soldan ölkəmiz hədəfə alınıb. Çeşidli hücumlarla, təxribatlarla üz-üzə qalmışıq. İki aqressiv qonşu – Rusiya və İranla başımız dərddə ikən, Qərbdən də hücum dalğası ara vermir. Sanki bir mərkəzdən idarə edilirlər.

Qərb demokratiya, İran din pərdəsi ilə Azərbaycanda mövqelərini möhkəmlətməkdə israrlıdır. Fikir verin, DTX və DİN son aylar neçə əməliyyat keçirib, İrana bağlı olduğu deyilən xeyli şəxs saxlanılıb. Bunlar nə zaman yetişdi? Hansı ara bu qədər agent yarandı? Bunların toxumunu ölkə coğrafiyasına, millətin düşüncəsinə kim səpdi? Bir yandan həbslər aparılır, qurtarmır, bitmir. Dövlətin aidiyyəti qurumlarının ciddi məsuliyyət payı var bu işdə. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nə iş görüb ki, İran agenturası bu qədər böyüyüb, rahat şəkildə təşkilatlanıb? Bu komitənin yaradılmasında məqsədlərdən biri kənar dini cərəyanların ölkəmizdəki təsirini azaltmaq olub. Amma əksinə, daha da çoxalıb. Komitə bir dəfə bunun izahını veribmi? Din adı, dindar qiyafəsində İranın xeyrinə casusluq edən bu qədər adamın olmasının izahını Dini Komitə ilə bərabər başqa qurumlar da verməlidir. Bu, dövlətin, millətin təhlükəsizliyini təhdid edən məsələdir. Niyə vaxtında qarşısı alınmırdı? Belə çıxır, İran Azərbaycana qarşı bütün mənalarda sərhədi keçməsə idi bu şəbəkə əlini-qolunu sallayaraq ölkəmiz əleyhinə fəaliyyətini davam etdirəcəkdi?

İranı anladıq. Bu ölkədə 30-40 milyon arası azərbaycanlı (türk) yaşayır. Tarix üçün o qədər uzaq olmayan keçmişdə (1828-ci ildə) Azərbaycanın bölünməsində İranın rolu, iştirak olub. 200 ilə yaxındır millət olaraq Vətənin bütövləşməsi uğrunda dayanmadan mübarizə aparırıq. Azərbaycanın bütövləşməsi İranın parçalanması deməkdir. Güneydəki soydaşlarımızın ayağa qalxıb, haqlarını tələb etmələri İran üçün yaxşı perspektiv vəd etmir. Həm də bu səbəbdən rəsmi Tehranın bizimlə bağlı mövqeyi düşməncəsinədir. Quzey Azərbaycanı hər zaman özünə təhdid görüb. Haqsız da sayılmır.

Çünki enində-sonunda müstəqil Azərbaycan Respublikasının Güneyə nümunə olacağı hər kəsə, o cümlədən İranın dini, hərbi, siyasi rəhbərliyinə yaxşı məlumdur. Ermənistanla müttəfiqliyi, Qarabağ məsələsində əleyhimizə olmasının da səbəbi budur. İran anlayır ki, Qarabağ məsələsi həllini tapdıqdan sonra Azərbaycanın, azərbaycanlıların əsas hədəfi Bütöv Azərbaycandır. Ona görə də fars rejimi istəyirdi ki, başımız Qarabağ problemindən ayılmasın. Artıq biz Qarabağ məsələsini əhəmiyyətli şəkildə həll etmişik. İndi hədəfimiz Güneydir. Bütün parçalanmış xalqlar kimi bizim də birləşmək haqqımız var və bu, o qədər uzaqda deyil.

Rusiyanın da niyyəti aşağı-yuxarı bəllidir. Yüz illərlə müstəmləkəsi olan Azərbaycanın sürətlə böyüməsi, inkişaf etməsi, bütövləşmə kursu seçməsi Moskvanın əsrlərə dayanan “parçala, hökm et” konsepsiyasına ziddir. Ona görə Rusiya da başımızı Qarabağ məsələsi ilə qatmaqda maraqlıdır. Rusiya da İran kimi bizim böyüməyimizi, güclənməyimizi özünə təhdid görür.

Bəs Qərbin narahatlığı nə ilə bağlıdır? Avropadan, Amerikadan üstümüzə gələn təzyiqlərin kökü nədən qaynaqlanır? Demokratiyadan? Güldürməyin bizi, Allah eşqinə. Avropa, ABŞ üçün Azərbaycanda demokratiyanın tam bərqərar olması arzuedilən deyil. Gerçək budur ki, Qərbin ölkəmizlə bağlı siyasəti də İran və Rusiyanınkından çox fərqlənmir. Sadəcə, Qərb demokratiya əlcəyi ilə “baş kəsir” – hökumətləri təzyiq altında saxlayır, İran din faktoru ilə cəmiyyətləri təsiri altına salır, Rusiya hərbi aqressiyadan yararlanıb, işğalçılıq siyasətini reallaşdırır. Aşağı-yuxarı hamısı işğalçılıqla məşğuldurlar.

Azərbaycan istər təbii sərvətləri – əsas da karbohidrogen resursları – istərsə də yerləşdiyi coğrafi mövqe baxımdan çox cəlbedicidir. Türk-islam coğrafiyasının əlverişli mövqeyində qərarlaşan ölkəmiz əsrlərdir bu üstünlüyünün cəzasını çəkib, indi də çəkməkdədir. Ona görə də dünya gücləri bilir ki, Azərbaycanı nəzarətsiz, təzyiqsiz buraxsalar, böyüyəcək, nəhəng bir dövlətə çevriləcək. Bir Türkiyəni qaldıra bilməyən, ona dözümsüz yanaşan İran-Rusiya-Avropa-ABŞ dördlüsü bir də bütöv və qüdrətli Azərbaycanın yaranmasına səbirli yanaşa bilmirlər.

Buna görə də onlara problemlər içində çabalayan, kiçildikcə kiçilən, idarəolunan Azərbaycan lazımdır. Müstəqil siyasət yürüdən, iqtisadi baxımdan güclənən, qlobal proseslərə təsir imkanları əldə edən, işğaldakı torpaqlarını azad edib bütövləşmək istiqamətində kurs götürən, dostunu-düşmənini özü seçən Azərbaycan bu güclərə sərf etmir.

Fikri verin, Fransa Ermənistanı açıq müdafiə mövqeyi tutub. Avropa Parlamenti Ermənistanın vandallığına göz yumur, bizi işğalçı ölkə kimi təqdim edir. ABŞ əleyhimizə qətnamələr qəbul edir. Rusiya Qarabağda separatçıları himayəsinə götürüb, gizli yollarla silah daşımalarına şərait yaradır. İran bizimlə hərbi aqressiya tonunda danışır, hədə-qorxu gəlir. Paraleldə Ermənistanı müdafiəyə qalxır. Bəs harda qaldı din? Harda qaldı demokratiya, insan haqları? Din mövzudursa, İran Ermənistanı dəstəkləməməlidir. Qərb üçün insan haqları, demokratiya prinsipdirsə, o zaman Avropa Parlamentinin, ABŞ Senatının, Konqresin Ermənistanın işğalçı siyasətini müdafiə etmək naminə Azərbaycan əleyhinə ardıcıl qətnamələr qəbul etməsinin adı nədir?

Azərbaycanın yox olması üçün hər fırıldağa əl atırlar. Bu qüvvələr 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin və Azərbaycan xalqının potensialını gördülər. Ona görə də bir də o “səhvə” yol vermək istəmirlər. Başa düşdülər ki, növbəti müharibə başlasa, İlham Əliyev hədəfinə tam çatacaq – ölkəsinin bir hissəsini işğaldan, işğalçılardan təmizləyəcək, daha böyük hədəfə – Bütöv Azərbaycana doğru yol alacaq. Onu dayandırmaq üçün də bütün güclər birləşiblər.

Lakin Rusiya da, İran da, Qərb də İlham Əliyevə, onun ölkəsinə möhtacdır. Elə bir geopolitik şərait yetişib ki, dünya siyasəti Azərbaycansız yürümür. İlham Əliyev ölkəsini bu cür əlverişli mövqeyə çıxarmağı bacardı. Ona görə də heç kimə güzəşt edilmir, hansısa ölkənin qabağından qaçmağa gərək qalmır.

Zəngəzur dəhlizinin açılması bir mərhələnin bitib, digərinin başlaması demək olacaq. O dəhliz bizi uğurlu gələcəyə aparan yoldur. Təzyiqlərin bir məqsədi də həmin dəhlizin reallaşmaması üçündür.

Lakin artıq gecdir. Azərbaycanı çıxdığı yoldan geri qaytarmaq mümkünsüzdür.

Azər Ayxan, Əməkdar jurnalist
Globalinfo.az