“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə sazişi ilkin mərhələdə üç dövlətin təhlükəsizlik əməkdaşlığı kimi təqdim edilsə də, artıq onun daha geniş regional mexanizmə çevrilməsi məsələsi müzakirə olunur. Türkiyə tərəfi də sazişin hər hansı ölkəyə qarşı yönəlmədiyini və gələcəkdə genişlənə biləcəyini açıqlayıb”
Bu sözləri Globalinfo.az-a politoloq Tamilla Qulami deyib.
O bildirib ki, Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərən mühüm hadisələrdən biridir:
“Belə bir şəraitdə təbii olaraq, Azərbaycanın bu prosesdə hansı mövqedə dayanacağı sualı meydana çıxır. Çünki Azərbaycan artıq yalnız Cənubi Qafqaz miqyasında siyasət yürüdən dövlət deyil. Bakı eyni vaxtda Türkiyə ilə müttəfiq münasibətlərə, Pakistanla yüksək səviyyəli strateji əməkdaşlığa, Səudiyyə Ərəbistanı ilə inkişaf edən əlaqələrə, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığına, ABŞ ilə strateji maraqlar üzərində qurulan münasibətlərə, İsraillə yüksək səviyyəli əlaqələrə malikdir. Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu və aparıcı dövlətlərindən biridir və Şanxay Əməkdaşlıq Təşkilatı ilə də müxtəlif formatlarda əməkdaşlıq edir.
Demək ki, Bakının qarşısında duran məsələ sadəcə Məkkə sazişinə qoşulmaq və ya qoşulmamaq deyil. Əsas məsələ, Azərbaycanın yeni yaranan regional təhlükəsizlik sistemində öz maraqlarını necə qoruyacağıdır.
Məncə, Azərbaycanın burada ən real və rasional siyasəti neytrallıq deyil, selektiv iştirak və strateji məsafənin qorunması olacaq.
Çünki Azərbaycan üçün Türkiyənin daxil olduğu hər hansı regional təhlükəsizlik mexanizmi prinsip etibarilə maraq doğurur. Azərbaycan–Türkiyə münasibətləri artıq adi ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq, müttəfiqlik, ən əsası qardaşlıq səviyyəsindədir”.
Politoloq qeyd edib ki, Azərbaycanın Pakistanla münasibətləri də son illərdə xüsusilə müdafiə və təhlükəsizlik sahəsində dərinləşib:
“Səudiyyə Ərəbistanı ilə münasibətlər isə iqtisadi, investisiya və siyasi istiqamətlərdə inkişaf edir. Bu baxımdan Bakının Məkkə sazişini tamamilə kənardan izləməsi də asan deyil. Lakin burada Azərbaycanın başqa bir fundamental reallığı var ki, Bakı heç bir geosiyasi blokun tərkib hissəsinə çevrilməklə digər tərəfdaşları ilə münasibətlərini riskə atmaq istəməz.
Azərbaycanın xarici siyasətinin gücü məhz bundan ibarətdir. Bakı müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qurur, lakin özünü onların qarşıdurmasının tərəfinə çevirmir. Azərbaycan Türkiyə ilə müttəfiqdir, amma NATO üzvü deyil. Avropa ilə strateji enerji və nəqliyyat əməkdaşlığı aparır, amma Avropa İttifaqının siyasi-hərbi strukturunun üzvü deyil. ABŞ ilə əməkdaşlığı genişləndirir, amma Vaşinqtonun bütün regional siyasətini avtomatik şəkildə qəbul edən dövlət deyil. İsraillə yüksək səviyyəli münasibətləri var, amma İslam dünyası ilə əlaqələrini bunun qarşılığında məhdudlaşdırmır. Türk dünyasının aparıcı dövlətlərindən biridir, amma digər dövlətlərlə münasibətlərini bunun üzərindən tənzimləmir.
Bu səbəbdən Azərbaycanın Məkkə sazişinə münasibətində də eyni modelin tətbiqi gözləniləndir”.
Politoloq deyib ki, Bakı sazişi müsəlman ölkələrinin öz təhlükəsizlik imkanlarını gücləndirməsi baxımından müsbət proses kimi qiymətləndirə bilər, lakin onu hansısa dövlətə qarşı yaradılmış hərbi blok kimi qəbul etməyə tələsməz:
“Bu fərq çox vacibdir. Çünki Məkkə sazişinin gələcəyi onun hansı istiqamətə inkişaf etməsindən asılı olacaq. Əgər bu, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə əməkdaşlığının dərinləşdirilməsi, hərbi təlimlər, texnologiya mübadiləsi və qarşılıqlı təhlükəsizlik mexanizmləri ilə məhdudlaşacaqsa, Azərbaycan üçün burada ciddi problem yoxdur. Əksinə, Türkiyənin regional təhlükəsizlik imkanlarının artması Azərbaycanın maraqlarına müəyyən mənada uyğun gəlir. Amma saziş zaman keçdikcə, konkret olaraq, İran əleyhinə, yaxud ABŞ–İsrail qarşıdurmasının regional hərbi komponentinə çevrilərsə, Azərbaycanın vəziyyəti tamamilə dəyişə bilər.
Azərbaycanın əsas həssaslığı məhz buradadır. Bakı İranla münasibətlərdə çox mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Eyni zamanda Azərbaycanın İsraillə strateji əhəmiyyət daşıyan əlaqələri mövcuddur. Buna görə də Azərbaycan öz ərazisinin və xarici siyasətinin hər hansı regional qarşıdurmanın platformasına çevrilməsində maraqlı deyil.
Tamilla Qulami
Azərbaycanın Türkiyə ilə müttəfiqliyi də ona regional proseslərdən tamamilə kənarda qalmaq imkanı vermir. Ona görə Bakı üçün ən əlverişli model öz mövqeyini qorumaqla, prosesin içində olmaqdır.
Burada Azərbaycanın böyük üstünlüyü onun diplomatik çəkisidir. Yuxarıda da qeyd etdiyim kimi Bakı eyni anda Ankara, İslamabad, Ər-Riyad, Vaşinqton, Brüssel, Pekin, Təl-Əviv və digər paytaxtlarla danışa bilən azsaylı regional dövlətlərdəndir. Bu, sadəcə diplomatik komfort deyil, Azərbaycanın milli təhlükəsizlik resursudur. Azərbaycan proseslərin içindədir, tərəfdaşları ilə əməkdaşlıq edir, təhlükəsizlik imkanlarını artırır və regional siyasətdə öz maraqlarını müdafiə edir. Sadəcə, bunu bir blokun tam siyasi-hərbi xəttinə bağlanmadan həyata keçirir”.
T.Qulami qeyd edib ki, Azərbaycanın son illərdəki xarici siyasətinin əsas fəlsəfəsi çoxsaylı tərəfdaşlıq, heç bir mərkəzdən asılı olmamaq və milli maraqlara uyğun situativ qərar qəbul etməkdir:
“Məkkə sazişi də bu siyasətin yeni sınaqlarından biridir. Düşünürəm ki, əgər saziş genişlənərək, gələcəkdə Azərbaycan üçün real təhlükəsizlik dividendləri yaradan bir mexanizmə çevrilərsə, Bakı onunla əməkdaşlığın müxtəlif formalarını nəzərdən keçirə bilər. Bu, mütləq tamhüquqlu üzvlük demək deyil. Analoji durumlarımız kifayət qədər olub, məsələn, müşahidəçi statusu, hərbi təlimlərdə iştirak, müdafiə sənayesi əməkdaşlığı, kəşfiyyat və terrorizmlə mübarizə üzrə məlumat mübadiləsi kimi formatlar mümkündür.
Əgər Məkkə Sazişi konkret olaraq, hansısa dövlətə qarşı yönəlmiş hərbi blok xarakteri alarsa, Azərbaycanın ona qoşulması daha mürəkkəb məsələ olacaq. Çünki belə addım Bakının İranla, ABŞ ilə, İsraillə, Rusiya ilə və hətta Avropa ilə münasibətlərinə müxtəlif istiqamətlərdə təsir göstərə bilər”.
Ekspert deyib ki, Azərbaycan balans siyasətini qoruyaraq, bütün bu münasibətləri bir-birinə qarşı qoymadan öz xarici siyasətinin ayrı-ayrı dayaqları kimi istifadə etməyə çalışacaq:
“Ona görə də Bakının susqunluğu və ya ehtiyatlılığı təsadüfi deyil. Azərbaycan burada ilk növbədə sazişin kimə qarşı deyil, nə üçün yaradıldığını və gələcəkdə hansı istiqamətə gedəcəyini görmək istəyəcək.
Qənaətim budur ki, Bakı əvvəlcə prosesin istiqamətini izləyəcək, Türkiyə ilə koordinasiyanı saxlayacaq, Pakistan və Səudiyyə Ərəbistanı ilə münasibətlərini nəzərə alacaq, eyni zamanda İran, ABŞ, İsrail, Avropa və digər tərəfdaşlarla əlaqələrini riskə atmamaq üçün qərarını saxlaya bilər.
Bu, əslində Bakının son illərdə formalaşdırdığı çoxvektorlu xarici siyasətin Məkkə sazişi qarşısında da davamıdır.
Hazırkı açıqlamalara əsasən, bu təhlildə ən mühüm xətt məncə “Məkkə sazişi hansı istiqamətə çevriləcək” sualına cavabdan sonra baş tutacaq. Çünki sazişin Türkiyə rəsmilərinin təqdim etdiyi kimi genişlənən regional təhlükəsizlik platformasına çevrilməsi halında Azərbaycanın qarşısında tamamilə yeni seçimlər yarana bilər”.
Turan Rzayev
Globalinfo.az