Panamanın Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda Türkiyədəki səfir və iqamətgahı Ankarada yerləşir) Mariela del Sagel, ProPanamanın (Panama İnvestisiyaların cəlb edilməsi və İxracın təşviqi təşkilatı) rəhbəri səfir Carmen Vergera və səfirliyin Azərbaycan üzrə koordinatoru Dr. Vüqar Hüseynovun təşkilatçılığı ilə ilk dəfə Bakıda “Panama günləri” tədbiri keçirilib.
Globalinfo.az xəbər verir ki, onlar mayın 1-də Panama Həhökuməti adından Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, üzərinə əklil qoyublar, əziz xatirəsini ehtiramla anıblar.
Eyni zamanda Müzəffər Ali Baş komandan İlham Əliyevin anası, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da dərin hörmət və ehtiramla yad edilib.
2-3 may tarixlərində isə Hilton Hotelində Panama Günləri tədbiri həyata keçirilib. Bir çox Dövlət və özəl Təşkilatların iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Respublikası ilə Panama arasında “Kolon Azad Zona”, “Bilik şəhəri” (Elmi əməkdaşıqlar və tələbə mübadiləsi proqramı), “Turizm”, “Konsulluq xidmətləri”, “Bank sistemi”, “Logistika mərkəzi”, “Yaşıl hidrogen”, “Biznes imkanları” (idxal və ixrac), “Panama kanalı” mövzularında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Bildirilib ki, bütün aidiyyatı təşkilatlarla əməkdaşlıqlar davam etdiriləcək.
“Panama hökuməti Azərbaycan Respublikası ilə yaxından və dərin iş birliyinə böyük diqqət və maraq göstərir və ümidvarıq ki, yaxın zamanlarda çoxşaxəli elmi-mədəni işbirlikləri və ticarət əlaqələrini ən yüksək məqamlara qaldıra biləcəyik”, – deyə qeyd edilib.
Xatırladaq ki, 6 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Panama Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul etmişdi.



