Müasir müharibələrdə pilotsuz uçuş aparatlarının (PUA) rolu sürətlə artıb. Bu texnologiyanın yaxın dövrdə qırıcı və bombardmançı təyyarələri əvəzləyəcəyi iddia olunur. Bildirilir ki, son illərdə dron texnologiyalarının inkişafı müharibələrin taktikasını dəyişdirib.
Dronların müharibələrdə bu qədər ciddi rol alması hərbi təyyarələri – bombardmançı və qırıcı hava maşınlarını zamanla sıradan çıxara bilərmi? Bu iki anlayış arasında hansı fərqlər var?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, son müharibələrdə dronların rolu əhəmiyyətli dərəcədə artıb:
“Artıq bəzi zərbə tipli pilotsuz vasitələr qırıcı təyyarələrin funksiyalarını yerinə yetirməyə başlayıb. Bu sahədə, o cümlədən Türkiyə istehsalı olan pilotsuz aparatların da imkanları genişlənib. Hazırda həmin PUA-lar qırıcılarla birlikdə düşmən vasitələrinə qarşı hava döyüşləri də aparır. Əvvəllər əsasən yer hədəflərinə qarşı istifadə olunan pilotsuz uçuş aparatları indi həm də hava hədəflərini vura bilən “hava-hava” (air-to-air missiles) raketləri ilə təchiz olunur. Türkiyənin “Qızılelma” pilotsuz qırıcısı sadalanan funksiyalarla yanaşı, digər PUA-ları hava döyüşü zamanı idarə etmək imkanına da malikdir. Bu idarəetmə prosesində isə əsasən süni intellekt texnologiyalarından istifadə olunur”.
Ədalət Verdiyev
Ekspert bildirib ki, bəzi ağır pilotsuz uçuş aparatları artıq qanadlı raketlər daşıya və bunlarla düşmən hədəflərinə zərbələr endirə bilir:
“Gələcəkdə PUA-ların sürət və manevr imkanlarının daha da artırılması gözlənilir. Bu isə onların qırıcı təyyarələrlə eyni çeviklikdə, eyni əməliyyat məkanında və mürəkkəb döyüş şəraitində oxşar vəzifələri yerinə yetirməsinə şərait yaradacaq”.
Qeyd edək ki, bundan əvvəl yayılan məlumata görə, Ermənistan 500 km məsafəyə uça bilən “Aralez” adlı hücum dronu hazırlayıb. Bu dronun Bakını hədəf ala biləcək uçuş radiusuna malik olduğu bildirilir. Dronun təxminən 15 kq döyüş başlığı daşıya bildiyi, həm də lazerlə idarə olunan bomba daşıma qabiliyyəti olduğu deyilir.
Ləman İmran
Globalinfo.az