Gencler

Milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi gənc nəslin sağlam dəyərlər əsasında yetişdirilməsində əsas istiqamətlərdən biri hesab olunur. Qloballaşma, rəqəmsal mühitin təsiri və sürətlə dəyişən sosial münasibətlər fonunda gənclərin milli kimliyə bağlılığının qorunması, tarixini, dilini və mədəni irsini dərindən mənimsəməsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan ailə, məktəb, ali təhsil müəssisələri, media və ictimai institutların üzərinə mühüm vəzifələr düşür.

Bəs gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsi üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan əməkdar müəllim Sona Əliyeva deyib ki, milli mənlik şüuru və vətənpərvərlik hissi hər bir xalqın gələcəyini müəyyən edən ən mühüm mənəvi dayaqlardan biridir:

“Bu gün sürətlə qloballaşan, sərhədlərin informasiya vasitəsilə aradan qalxdığı, müxtəlif mədəni təsirlərin insanların həyatına nüfuz etdiyi bir dövrdə gənclərin öz milli kimliyini qoruyub saxlaması təkcə fərdi məsələ deyil, dövlətin milli təhlükəsizliyi və gələcək inkişafı ilə birbaşa bağlı strateji məsələdir. Azərbaycan xalqı tarix boyu ağır sınaqlardan keçib, öz dilini, mədəniyyətini, dövlətçilik ənənələrini qorumaq uğrunda mübarizə aparıb. Bu gün müstəqil dövlət olaraq əldə etdiyimiz uğurların arxasında minlərlə şəhidin qanı, ziyalıların əməyi və xalqımızın milli iradəsi dayanır. Məhz buna görə də vətənpərvərlik hissi yalnız müəyyən günlərdə səsləndirilən şüar deyil, hər bir gəncin gündəlik həyatında daşıdığı mənəvi məsuliyyət olmalıdır”.

S.Əliyevanın sözlərinə görə, psixologiya və təhsil sahəsində aparılan beynəlxalq tədqiqatlar göstərir ki, insanın mənsubiyyət hissi onun şəxsiyyətinin formalaşmasında əsas amillərdən biridir:

“Amerikalı psixoloq Abraham Maslowun ehtiyaclar nəzəriyyəsində də aidiyyət hissi insanın fundamental sosial ehtiyaclarından biri kimi göstərilir. Sosial identiklik nəzəriyyəsinin müəllifləri Henri Tajfel və Con Törner isə qeyd edirlər ki, fərd özünü müəyyən qrupa aid hiss etdikdə özünəinamı, sosial məsuliyyəti və cəmiyyətə bağlılığı daha da güclənir. Bu baxımdan milli mənlik şüuru gəncin yalnız keçmişini tanıması deyil, gələcəyini hansı dəyərlər üzərində quracağını müəyyənləşdirən mühüm amildir. Lakin etiraf etməliyik ki, müasir dövrdə gənclərin diqqəti uğrunda ciddi rəqabət mövcuddur. Sosial şəbəkələr, xarici informasiya məkanları və müxtəlif mədəni təsirlər bəzən gəncin öz milli köklərindən uzaqlaşmasına səbəb ola bilir. Bu vəziyyətdə milli kimliyi qorumağın yolu qadağalar və ya formal çağırışlar deyil. Əksinə, gənclərə öz tarixini sevdirə bilmək, mədəniyyətini müasir formada təqdim etmək və milli dəyərləri həyatın bir hissəsinə çevirmək lazımdır”.

sona eliyeva

Sona Əliyeva

Əməkdar müəllim hesab edir ki, bu proses ilk növbədə ailədən başlamalıdır:

“Uşaq ilk dəfə “Vətən” sözünün mənasını ailəsində öyrənir. Nənəsinin danışdığı xatirələrdə, atasının torpaq sevgisində, anasının ana dilinə göstərdiyi hörmətdə vətən anlayışının təməli qoyulur. Əgər ailədə milli dəyərlər yaşadılırsa, gəncin gələcəkdə öz kimliyindən uzaqlaşması ehtimalı xeyli azalır. Çünki vətənə sevgi ilk növbədə duyğudur, duyğu isə kitabdan deyil, münasibətlərdən öyrənilir. Təhsil sistemi də bu istiqamətdə həlledici rol oynayır. Tarix dərsləri sadəcə tarixləri əzbərlətmək üçün deyil, xalqın keçdiyi yolu anlatmaq üçün tədris edilməlidir. Şagird Qarabağ uğrunda döyüşən qəhrəmanların həyat hekayələrini öyrəndikdə, Şuşanın mədəniyyət tarixini araşdırdıqda və ya Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fəaliyyətini dərk etdikdə vətənpərvərlik hissi onun daxilində təbii şəkildə formalaşır. UNESCO-nun və OECD-nin təhsil üzrə hesabatlarında da göstərilir ki, vətəndaşlıq təhsili yalnız nəzəri biliklərlə deyil, iştirakçılıq, müzakirə və praktiki fəaliyyətlə daha effektiv nəticə verir”.

S.Əliyeva deyib ki, bu gün xüsusi diqqət yetirilməli olan sahələrdən biri də rəqəmsal mühitdir:

“Gənclər vaxtlarının böyük hissəsini TikTok, İnstagram, YouTube və digər platformalarda keçirirlər. Əgər milli dəyərlər həmin platformalarda görünmürsə, onların şüurunda da zəifləməyə başlayır. Buna görə tariximizi, milli qəhrəmanlarımızı, mədəni irsimizi və dövlətçilik ənənələrimizi müasir kommunikasiya vasitələri ilə təqdim etməliyik. Gənclər üçün hazırlanmış sənədli filmlər, podkastlar, animasiyalar, qısametrajlı videolar və rəqəmsal layihələr bu baxımdan daha təsirli nəticə verə bilər. Vətənpərvərlik həm də məsuliyyət hissidir. Ölkəsini sevən insan yalnız onun uğurları ilə fəxr etmir, problemlərinin həllində də iştirak etməyə çalışır. Könüllülük fəaliyyəti, sosial layihələr, ekoloji təşəbbüslər, mədəni irsin qorunması istiqamətində həyata keçirilən proqramlar gənclərdə vətəndaş məsuliyyətinin formalaşmasına xidmət edir. Çünki insan yaşadığı cəmiyyət üçün faydalı olduqca, həmin torpağa olan bağlılığı da güclənir”.

Sona Əliyeva qeyd edib ki, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri müasir dünyagörüşünə malik, eyni zamanda milli dəyərlərinə sadiq gənc nəslin yetişdirilməsidir:

“Biz elə bir gənclik formalaşdırmalıyıq ki, dünyanın istənilən yerində yaşasa belə, Azərbaycan dilində düşünməyi, öz tarixini tanımağı və Vətənini qürurla təmsil etməyi bacarsın. Çünki milli mənlik şüurlu keçmişə bağlılıqdan daha çox gələcəyə məsuliyyətdir. Vətənpərvərlik isə yalnız torpağı sevmək deyil, onun inkişafı, təhlükəsizliyi və rifahı üçün çalışmaqdır. Unutmamalıyıq ki, güclü dövlətin təməlində güclü iqtisadiyyatla yanaşı, milli kimliyini və mənəvi dəyərlərini qoruyan vətəndaş dayanır. Bu gün gənclərimizə verəcəyimiz ən böyük miras da məhz budur.  Vətənini sevən və Vətəni ilə qürur duyulması üçün əzmlə çalışan gənclər yetişdirmək!”

QEYD: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

media 900x333 1

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: