Qısa zamanda çox mühüm işlər görülüb: Politoloq böyük qayıdış siyasətindən danışdı

44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri sonrası torpaqlarımız işğaldan tam azad edildi. Ermənistan üzərində qazandığımız parlaq Zəfərimizdən sonra işğaldan azad edilən torpaqlarda Böyük Qayıdış üçün Qarabağın hər guşəsində sürətlə quruculuq işləri davam etdirilir.

İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılıb, şəhərlərin və kəndlərin baş planları tərtib edilib. Hətta ilkin köçlər də baş tutub.

Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin olunması üçün əməli işlər görülür.

Maraqlıdır, böyük qayıdış siyasəti nə vaxt tam yekunlaşacaq? Məcburi köçkünlər ata-baba yurdlarına nə vaxt tam qayıdacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan dövləti işğal prosesinə son qoyub, ərazi bütövlüyünü bərpa etdi.

“Lakin bundan başqa əsas məqsədimiz ondan ibarətdir ki regionda sülh, əmin-amanlıq sağlam əməkdaşlıq bərpa edilsin. Yəni işğaldan əvvəlki vəziyyət yenidən təmin edilsin.

Bu prosesin yekununda Azərbaycan xalqının üzləşdiyi ədalətsizlik sonlandı. Belə ki, 30 il ərzində torpaqlarımız təkcə işğalda qalmadı, həm də dağıntılara, talanlara məruz qaldı. Torpaqlarımızın işğaldan azad edilməsi fonunda böyük qayıdış siyasətinin bir parçası olaraq məcburi köçkünlər torpaqlarına qayıdır.

Xəyal Bəşirov

Bu gün Azərbaycan Respublikası vətəndaşlarına bərabər şəkildə davranılır. Yəni bu gün həm azərbaycanlılar, həm də erməni əsilli vətəndaşların hüquqlarının qorunması üçün bütün tədbirlər görülür. Lakin bu o demək deyil ki, onlara xüsusi status veriləcək. Bütün bu proseslər beynəlxalq hüquq və Azərbaycan konstitusiyası əsasında tənzimlənəcək.

Bu gün həm böyük qayıdış siyasəti, həm də bərpa prosesi vahid dövlət proqramı əsasında icra edilir. Bu prosesə birbaşa ölkə başçısı nəzarət edir. Prezidentin regionlara, xüsusilə də işğaldan azad edilən ərazilərə vaxtaşırı səfərləri görülən işlər ilə yerində tanış olması da ölkə başçısının məsələyə həssas yanaşdığını göstərir.

Qısa zamanda çox mühüm işlər görülüb. Hətta ilkin köçlər də gerçəkləşib. Qarabağa bu gün faktiki olaraq həyat qayıdır. İnsanlar illərlə həsrətin ardınca öz ata-baba torpaqlarına qayıdır. Əlbəttə ki, bütün işlər hələ bitməyib. Görüləcək çox iş var. Bunlardan ən vacibi də minalanmış ərazilərin təmizlənməsidir.

Hesab etmək olar ki, bütün bu proseslər bitdikdən sonra biz həm də böyük qayıdış siyasətinin tamamlanacağının şahidi olacağıq. Xüsusilə Şuşa, Xankəndi, Laçın kimi şəhərlərdə müvafiq dövlət qurumlarının bərpa ediləcəyini, dövlətin ali hakimiyyətinin bu ərazilərdə təmin ediləcəyini görəcəyik.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Turan Rzayev
Globalinfo.az