Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Merzlə birgə mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh sazişinin paraflanması, Vaşinqtonda Ağ Evdə Prezident Donald Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu.
“Azərbaycan bu razılaşmadan dərhal sonra əməli-praktiki addımlara keçdi. Ermənistana bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistan enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzər alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı müəyyən səbəblərə görə bir çox problemlər mövcuddur. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox yük Azərbaycan ərazisindən keçib”.