Müharibədə itkin düşmüş erməni hərbçilərin yaxınlarının Azərbaycanla birbaşa təmas qurmağa çalışdıqlarına dair məlumat yayılıb. Ermənistan mətbuatı yazır ki, həmin hərbçilərin ailələri və qohumları ağ bayraq qaldıraraq Həkəri çayına gəlməyə hazırlaşırlar.
Bu məsələnin pərdəarxasında nə var? Hədəf nədir və proses nə ilə nəticələnə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, bu, təkcə humanitar hadisə deyil, həm də siyasi və psixoloji baxımdan ciddi əhəmiyyət daşıyan bir prosesdir:
“Zənnimcə, bu hadisənin arxasında Ermənistan cəmiyyətində dövlət institutlarına inamın zəifləməsindən çox, Rusiyanı dəstəkləyən qüvvələrin təxribat əməlləri dayanır. İllərlə yaxınlarının taleyi barədə aydın cavab ala bilməyən ailələri ortaya çıxarmaq üçün ən optimal variant budur. 8 avqust 2025-ci il Vaşinqtonda Sülh Müqaviləsi paraflandıqdan sonra əlacları bir çox yerdən kəsilən sözügedən kanallar bu ailələrin yaxınları vasitəsilə artıq rəsmi kanalların fəaliyyətinin nəticə vermədiyini təbliğ edir, onları birbaşa qarşı tərəflə əlaqə qurmağa yönləndirirlər. Bu isə göstərir ki, müəyyən kəsim üçün yalnız itkinlərin taleyi deyil, həm də dövlət-vətəndaş münasibətlərində yaranmış etimad böhranından istifadə etməyə çalışan qüvvələr hələ də var.
Bu addım, həmçinin rəsmi İrəvan üçün siyasi baxımdan həssas vəziyyətdir. Əgər Ermənistanın sözügedən vətəndaşları öz dövlətlərini vasitəçi kimi deyil, maneə kimi görməyə başlayırlarsa, bu, hakimiyyətin informasiya siyasətinə və böhranların idarə olunmasına dair ciddi suallar doğuracaq”.
Siyasi şərhçi bildirib ki, Azərbaycan baxımından da məsələ son dərəcə həssasdır:
“Bu prosesin gedişatında humanitar hüququn prinsiplərinə uyğun davranmaq və itkin şəxslərin taleyinin araşdırılmasına dəstək vermək ölkənin beynəlxalq imicini gücləndirə bilər. Digər tərəfdən isə sərhəd təhlükəsizliyi, mümkün təxribat ehtimalları və hüquqi prosedurlar nəzərə alınmadan belə bir təmasa icazə verilməsinin bir sıra risklər yaratması mümkündür. Buna görə də istənilən addım yalnız müvafiq dövlət qurumlarının nəzarəti və beynəlxalq humanitar normalar çərçivəsində həyata keçirilməlidir. Ümumiyyətlə, Azərbaycan tərəfi hər zaman bu istiqamətdəki olaylarda balanslı, sülhpərvər addımlar atıb.

Tamilla Qulami
Hadisənin daha dərin geosiyasi tərəfi də odur ki, müharibələr başa çatdıqdan sonra itkin düşən şəxslərin taleyi uzun illər regionda siyasi gərginliyin mühüm elementlərindən biri olaraq qalır. Yuxarıda da qeyd etdiyim kimi məsələ emosional yük daşıdığı üçün daxili siyasətdə manipulyasiya alətinə çevrilə, eyni zamanda etimad quruculuğu üçün nadir imkan da yarada bilər. Əgər tərəflər humanitar məsələləri siyasi mübahisələrdən ayıra bilsələr, bu, gələcək dialoq üçün məhdud da olsa, yeni kanalın formalaşmasına şərait yaradacaq.
Fikrimcə, bu hadisələrdə mütləq şəkildə ehtiyatlı olmaq vacibdir. Hazırda bu məlumatın nə dərəcədə dəqiq olduğu və belə bir təşəbbüsün həqiqətən həyata keçirilib-keçirilməyəcəyi tam təsdiqlənməyib. Ona görə də hadisəyə qəti siyasi nəticələr yükləmək tezdir. Lakin məlumat reallaşarsa, bu, münaqişədən sonrakı dövrdə ilk dəfə olaraq, vətəndaş təşəbbüsünün rəsmi diplomatik mexanizmləri üstələməyə çalışdığı nümunələrdən biri sayılacaq.
Həkəri çayı istiqamətində ağ bayraqla birbaşa təmas cəhdi baş tutarsa, bu, təkcə itkin düşmüş hərbçilərin taleyi ilə bağlı humanitar addım deyil, həm də Ermənistan cəmiyyətinin daxili psixoloji vəziyyətinin, dövlətə etimad səviyyəsinin və Cənubi Qafqazda yeni reallıqların göstəricisi olacaq. Bu hadisənin gələcək təsiri isə tərəflərin emosiyalarla deyil, beynəlxalq hüquq, təhlükəsizlik və humanitar prinsiplər əsasında atacaqları addımlardan asılı olacaq. Ermənistan höküməti gecikmədən Azərbaycanla mümkün təmasları maksimuma qaldırmalı, bölgədə sülhün bərqərar olmasını davam etdirmək üçün üzərinə düşən öhdəlikləri təmin etməlidir”.
Turan Rzayev
Globalinfo.az