ABŞ Prezidenti Donald Tramp husilərin Səudiyyə Ərəbistanına qarşı hər hansı dəniz blokadası həyata keçirəcəyi təqdirdə Birləşmiş Ştatların qətiyyətli tədbirlər görəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Livan prezidenti Cozef Aun ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri husilərin Qırmızı dənizdə mümkün blokada təhdidlərinə münasibət bildirib.
“Bu, hələ baş verməyib. Amma hər an yaşana bilər. Əgər belə bir şey baş versə, lazımı cavab verəcəyik”, – deyə ABŞ lideri vurğulayıb. O, əvvəllər də husilərə qarşı müvafiq addımlar atdıqlarını xatırladıb.
Bununla yanaşı, Yəməndə daxili qarşıdurmalar da şiddətlənib. Beynəlxalq səviyyədə tanınan hökumətin müdafiə naziri Tahir əl-Uqayli “Əl Cəzirə” telekanalına açıqlamasında ölkə ordusunun husilərə qarşı azadlıq müharibəsinə başlamağa tam hazır olduğunu bildirib. O, silahlı qüvvələrin hərbi hazırlıq və mənəvi-psixoloji baxımdan ən yüksək səviyyədə olduğunu qeyd edərək, husilərin nəzarətindəki ərazilərdə yaşayan vətəndaşları qiyamçıların tərəfində döyüşməməyə çağırıb.
Məlumatlara görə, Yəmənin bəzi bölgələrində hökumət qüvvələri ilə husilər arasında toqquşmalar yenidən alovlanıb.
Əliyar Xəlil