“Onlayn media mühitinin genişlənməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və müasir çağırışlara uyğun islahat çərçivəsinin formalaşdırılması hazırkı dövrün əsas istiqamətlərindəndir. Şübhəsiz ki, rəqəmsal transformasiya, sosial şəbəkələrin təsirinin artması, süni intellekt texnologiyalarının inkişafı və qlobal informasiya axınlarının sürətlənməsi dövlət qarşısında yeni və kompleks vəzifələr qoyur”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elçin Mirzəbəyli deyib.
“Bu dəyişikliklər yaxın gələcəkdə tətbiq olunacaq islahatların da əsas istiqamətlərini müəyyən edir və müasir çağırışlardan irəli gələn tələblərin təmin olunmasına xidmət edir. Layihə çərçivəsində haqlı olaraq qeyd olunur ki, ənənəvi çap, onlayn və audiovizual media arasındakı sərhədlər getdikcə daha çox aradan qalxır.
Media resursları arasındakı sərhədlər texnoloji inkişafın təsiri ilə silinir və bu proses gələcəkdə də davam edəcək. Bu o deməkdir ki, mövcud formatlar, standartlar və yanaşmalar yaxın illərdə, bəlkə də daha qısa müddətdə dəyişəcək. Lakin dəyişməyən əsas amil məzmunu yaradan yaradıcı insandır.
Bu baxımdan, peşəkar jurnalistikanın, yaradıcı insan potensialının və media savadlılığının inkişaf etdirilməsi gələcəkdə də prioritet istiqamət olaraq qalmalıdır. Artıq yerli media yalnız daxili bazarda deyil, həm də qlobal rəqəmsal platformalarla rəqabət aparmaq məcburiyyətindədir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, hazırda beynəlxalq platformalar reklam bazarının əhəmiyyətli hissəsini öz nəzarətində saxlayır:
“Halbuki informasiya istehsalı, araşdırma, müsahibə və reportajların hazırlanması, ictimai maraqlara xidmət edən əsas fəaliyyətlər daha çox yerli media subyektlərinin və jurnalistlərin üzərinə düşür. Bu baxımdan həm hüquqi, həm də stimullaşdırıcı mexanizmlərlə yerli reklam bazarının qorunması və inkişafı, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda reklam bazarının sosial şəbəkələr vasitəsilə xaricə yönəlməsinin qarşısının alınması üçün kompleks tədbirlərin görülməsi vacibdir.
Bu gün dünya miqyasında medianın əsas problemlərindən biri jurnalistikanın keyfiyyət göstəricilərinin zəifləməsidir. Araşdırma jurnalistikasının təsir imkanlarının azalması, janr müxtəlifliyinin daralması və redaksiya mövqeyinin zəifləməsi müşahidə olunur. Artıq keyfiyyətli köşə yazıları, müsahibələr və reportajlarla əvvəlki qədər tez-tez rastlaşmaq mümkün deyil. Bu isə jurnalistikanın yalnız kəmiyyət deyil, əsasən keyfiyyət baxımından da ciddi çağırışlarla üz-üzə olduğunu göstərir.
İndi yalnız xəbər başlıqları deyil, sərhədləri pozulmuş janrlardan ibarət mətnlərin çoxalması təssüfləndirici məqamdır. Xəbər çoxalır, fikri istehsalı azalır, bir çox hallarda əhəmiyyətini itirir. Jurnalistikanın əsas məqsədi araşdırmaq, təhlil etmək, səbəb nəticə əlaqələrini ortaya çıxartmaq, ictimai maraq kəsb edən məsələləri gündəmə gətirmək, ictimai maraqları qorumaqdan ibarətdir. Peşəkar jurnalistika operativlik və xəbər bolluğu ilə qiymətləndirilməməlidir. Keyfiyyət, etibarlılıq, ictimai maraqların qorunması istiqamətində məsuliyyət deməkdir. Bu gün isə sürətli xəbər axını şablonlaşmağa səbəb olur. Dili inkişaf etdirən, yaradıcı düşüncədir. Bunu isə həım də peşəkar jurnalistlika formalaşdırır”.
Safura Bənnayeva
Globalinfo.az