Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə xüsusi xidmət orqanının rəisi vəzifəsində çalışmış Nağı bəy Şeyxzamanlı xatirələrində dövlətin iki reallaşmamış planını xüsusi qeyd edir. Onlardan biri əhali mübadiləsi ideyası idi. Həmin layihədə Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana, Azərbaycandakı ermənilərin isə Ermənistana köçürülməsi nəzərdə tutulurdu. Bəzi şərhçilər bu planın gerçəkləşəcəyi halda Qarabağ münaqişəsinin baş verməyəcəyini deyirlər.
Əhali mübadiləsi praktikasından sonralar Türkiyə və Yunanıstan istifadə edib. 1923-cü ildə 2 milyon türk və yunan ölkələrini dəyişmişdilər. Beləliklə, Türkiyə ərazisində yunanlar tərəfindən separatizm təhlükəsi aradan qalxmışdı.
Bu plan Azərbaycan və Ermənistan arasında da baş tutsaydı, nə ilə nəticələnərdi?
Globalinfo.az-a danışan AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov deyib ki, belə bir planın mövcud olması reallığa uyğun gəlmir:
“Çünki İrəvan şəhəri və ətraf ərazilərin ermənilərə verilməsinə dair 1918-ci il mayın 29-da Milli Şurada keçirilən müzakirə zamanı Şuranın 44 üzvündən yalnız 20-si iclasda iştirak edib. 24-ü isə iştirak etməyib. İclasda iştirak edən 20 nəfərdən 16-sı lehinə səs verib, 3-ü bitərəf qalıb, 1 nəfər isə əleyhinə çıxıb.
İrəvan quberniyasından olan 3 deputat – Mir Hidayət Seyidov, Rza Bağırov və Nəriman bəy Nərimanbəyov (Toğrul Nərimanbəyovun babası) bu qərara etiraz olaraq iki dəfə ərizə yazıblar. Ərizədə qeyd edilir ki, onlar bu qərarın əleyhinə çıxış ediblər. Lakin 20 nəfərin iştirak etdiyi iclasda həmin ərizəyə baxılmayıb. İkinci iclasda isə qərar verilib ki, ərazi ermənilərə güzəştə gedilsin.
Baxın, bunu xüsusi qeyd edirəm: Ermənistana yox, məhz ermənilərə. Çünki o vaxt Ermənistan adlı bir dövlət yox idi.
Ermənilər də burada saxtakarlığa yol veriblər. Onların istiqlaliyyət bəyannaməsi yoxdur. Yalnız mayın 30-da tərtib etdikləri bir elan var. Həmin elanda Türkiyədən Gümrü ətrafına köç etmiş və ümumi sayı 450 min nəfər olan ermənilərin yaşadığı ərazinin idarəçiliyini öz nəzarətlərinə götürdükləri bildirilir. Amma sonradan saxtakarlığa yol verərək iddia edirlər ki, guya müstəqilliklərini mayın 28-də elan ediblər.
Milli Şuranın iclası mayın 29-da keçirilibsə, ermənilər necə mayın 28-də müstəqillik elan edə bilərdilər? Əksinə, onlar gözləyirdilər ki, Milli Şura toplantı keçirib qərar qəbul etsin, torpaq versin ki, dövlət qura bilsinlər. Torpağın mülkiyyət hüququ bizdə idi”.

Cəbi Bəhrəmov
C.Bəhrəmov bildirib ki, güzəştdən sonra müharibə dövründə həmin ərazilərdə yaşayan 135 min nəfər azərbaycanlı məhv edildi:
“1916-cı ilin statistik məlumatlarına görə, həmin ərazidə yaşayan azərbaycanlıların ümumi sayı 375 min nəfər idi. Amma 1919-cu ildə onların sayı 12 minə düşmüşdü. Onlar ermənilər tərəfindən öldürülmüşdü. Buna görə də əhali mübadiləsinin baş tutması mümkün deyildi.
Digər tərəfdən, onların arasında diplomatik münasibətlər də yox idi. Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistana diplomatik nümayəndə təyin olunmuşdu. İlk nümayəndə Məhəmməd xan Təkinski idi. O, 1919-cu il yanvarın 29-da Ermənistan hökuməti yanında AXC-nin diplomatik nümayəndəsi təyin edilmiş və həmin ilin payızınadək bu vəzifədə çalışmışdı. Ancaq Azərbaycan de-yure tanınmamışdı. 1920-ci ilin martında ingilislər Azərbaycanı de-yure tanısalar da, bir ay sonra AXC işğal olundu.
Mən Nağı bəy Şeyxzamanlının xatirələrində və ya ümumiyyətlə, belə bir əhali mübadiləsi məsələsinə rast gəlməmişəm”.
Turan Rzayev
Globalinfo.az