Son dövrlərdə cəmiyyətdə tanınmaq və məşhurlaşmaq istəyi daha qabarıq şəkildə özünü göstərir. Nədənsə qadın, kişi, gənc və yaşlı olmaqla hər kəs daha çox diqqət çəkməyə, sevilməyə çalışır.
Bunun səbəbi nədir? Gələcəkdə hansı fəsadları ola bilər?
Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, bu, əsasən internetin və sosial şəbəkələrin sürətli inkişafı ilə əlaqədardır:
“Bəzi insanlar bundan istifadə edərək tanınmağa çalışırlar. Bu tip şəxsləri şərti olaraq iki qrupa bölmək olar. Birinci qrup bunu maddi qazanc və karyera qurmaq məqsədilə edir. İkinci qrup isə sadəcə öz eqosunu təmin etmək, özünü təsdiqləmək, diqqət mərkəzində olmaq istəyir. Onlar özlərini olduqlarından fərqli göstərməyə, başqalarından üstün təqdim etməyə çalışırlar. Bunun kökündə isə çox vaxt diqqət və qayğı çatışmazlığı, şəxsiyyət boşluğu dayanır. Əslində məşhurlaşmaq məqsədi ilə yaşamaq müsbət xüsusiyyət deyil. İnsan məşhur olmaq üçün yox, cəmiyyətə dəyər yaratmaq üçün çalışmalıdır. Əgər yaratdığın dəyər xalqa faydalıdırsa, insanlar səni onsuz da tanıyacaq və qəbul edəcək. Məşhurluq məqsəd deyil, nəticə olmalıdır”.
Elçin Bayramlı
Sosioloq bildirib ki, bizim görkəmli şəxsiyyətlərimiz, dahilərimiz məşhurlaşmaq üçün çalışmayıblar:
“Onlar elmdə, sənətdə və ya başqa sahələrdə elə böyük dəyərlər yaradıblar ki, xalq onları özü tanıyıb, qiymətləndirib və məşhurlaşdırıb. Bu, sağlam və təbii yoldur. Təəssüf ki, bu gün fərqli bir tendensiya formalaşıb: nəyin bahasına olursa-olsun məşhurlaşmaq. Məhz bu ifadənin özü problemin mahiyyətini göstərir. Əxlaqını, şərəfini, ləyaqətini, şəxsi nüfuzunu itirmək bahasına da olsa, özünü gülüş hədəfinə çevirmək, başqalarına zərər vurmaq hesabına da olsa, tanınmağa çalışmaq sağlam düşüncə deyil. Bu yanaşma həm fərd, həm də cəmiyyət üçün təhlükəlidir. Belə həyat tərzi insanı mənəvi dəyərlərdən uzaqlaşdırır, onu yalnız maddiyyata, şöhrətə və tanınmağa köklənmiş bir həyata sürükləyir. Belə insanlar üçün əsas məqsəd pul, populyarlıq, tanınmış şəxslərlə şəkil çəkdirmək və diqqət qazanmaq olur. Bu isə sağlam düşüncə tərzi deyil”.
Ekspertin sözlərinə görə, bu cür davranışların bir hissəsinin arxasında ciddi psixi sağlamlıq problemləri dayanır:
“Belə hallarda mütəxəssis yardımı vacibdir. Çünki bəzi insanlar nə problemlərinin fərqində olurlar, nə də müalicəyə ehtiyac duyduqlarını qəbul edirlər. Bu tendensiya cəmiyyətə də ciddi zərər vurur. Milli-mənəvi dəyərləri zəiflədir, etik normaları pozur, xüsusilə gənclər üçün yanlış davranış modelləri formalaşdırır. Sosial, mənəvi və psixoloji baxımdan bunun mənfi təsirləri açıq şəkildə görünür. Son dövrlərdə hüquq-mühafizə orqanlarının bu istiqamətdə müəyyən tədbirlər görməsi nəticəsində vəziyyət qismən səngiyib. Bu, müsbət haldır. Lakin belə halların sayı hələ də çoxdur. Hesab edirəm ki, bu məsələyə daha ciddi yanaşılmalıdır. Çünki sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərə, ictimai əxlaqa və cəmiyyətin sağlam inkişafına ciddi zərbə vurulur. Əgər kimsə şəxsi maraqları naminə dövlətə, cəmiyyətə və milli dəyərlərə zərər vurursa, qanun çərçivəsində bunun qarşısı alınmalı və məsuliyyət tədbirləri tətbiq edilməlidir”.
Ləman İmran
Globalinfo.az