baki ehali 0

Dərin tarixi köklərə və zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqının formalaşmasında milli şüurun və vətənə bağlılıq hissinin xüsusi yeri var. Əsasən son dövrlərdə həm regionda, həm də qlobal miqyasda baş verən hadisələr cəmiyyətimizdə milli düşüncənin gücləndirilməsi və vətənpərvərlik dəyərlərinin inkişaf etdirilməsi məsələsini daha da ön plana çıxarır.

Gənclərin milli ruhda yetişdirilməsi onların vətənə bağlı, məsuliyyətli və şüurlu vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.

Bəs hazırda bu istiqamətdə hansı addımlar atılır? Görülən işlər nə dərəcədə effektivdir? Ümumiyyətlə, bu sahədə daha hansı tədbirlərə ehtiyac duyulur?

Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi nin sədri Arzu Nağıyev deyib ki, ümumiyyətlə, milli şüur və vətənpərvərlik hissi hər bir dövlətin dayanıqlığı üçün son dərəcə mühüm amildir:

“Bu hissin formalaşdırılması və inkişaf etdirilməsi isə daim diqqət tələb edir. Məlumdur ki, Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətləri suverenliyin qorunması, ərazi bütövlüyünün təmin olunması və milli birliyin möhkəmləndirilməsidir. Bu gün bu istiqamətdə mühüm addımlar atılır.

Hazırda görülən işlərə nəzər saldıqda bir neçə əsas xətti qeyd etmək olar. Bunlardan biri post-münaqişə dövrü və onun Azərbaycan vətəndaşına təsiridir. Baş verən hadisələr, müharibə və onun nəticələri cəmiyyətdə vətənpərvərlik hissinin güclənməsinə səbəb olub. Bu proses həm rəsmi, həm də ictimai səviyyədə müxtəlif təşəbbüslərlə dəstəklənir.

Digər mühüm istiqamət maarifləndirmədir. Məktəb proqramlarında tarix, ədəbiyyat və vətənpərvərlik mövzularına geniş yer verilməsi vacibdir. Uşaqlar bağçadan başlayaraq məktəb dövründə milli kimliyini, dövlətçilik tarixini və qəhrəmanlıq nümunələrini öyrənməli, mənimsəməlidirlər. Bu istiqamətdə artıq müəyyən işlər görülür.

Eyni zamanda, mədəniyyət və media vasitəsilə milli dəyərlərin təbliği böyük əhəmiyyət daşıyır. Sənədli filmlərin çəkilməsi, müxtəlif layihələrin həyata keçirilməsi, sosial kampaniyaların təşkili bu baxımdan önəmlidir”.

arzu nagiyev esas
Arzu Nağıyev

Deputat bildirib ki, ən mühüm sahələrdən biri də gənclər siyasətidir:

“Müxtəlif forumlar, təşəbbüslər və könüllülük proqramları gənclərdə məsuliyyət hissini, sosial ədalət anlayışını və dövlətə bağlılığı gücləndirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mühüm rol oynayır.

Vətənpərvərlik yalnız şüarlar və tədbirlərlə məhdudlaşmamalıdır, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. İnsanların tərbiyəsi ailədən başlayır, daha sonra təhsil müəssisələri və kütləvi informasiya vasitələri bu prosesdə mühüm rol oynayır. Sosial şəbəkələr və media platformaları da bu baxımdan ciddi təsir gücünə malikdir.

Gənclərdə tənqidi düşüncənin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Onlar ölkənin tarixini və bu gününü analitik şəkildə dərk etməli, hadisələri təhlil etməyi bacarmalıdırlar. Eyni zamanda, gənclər dövlət və cəmiyyət həyatında fəal iştirak etməli, qərarvermə proseslərinə cəlb olunmalıdırlar.

Vətənpərvərlik səmimi və dayanıqlı olmalıdır. Sosial rifah və ədalət bu anlayışın praktik əsasını təşkil edir. Rəqəmsal platformalar vasitəsilə milli dəyərlərin düzgün və effektiv təqdimatı da mühüm məsələdir. Bununla yanaşı, fərqli fikirlərə hörmətlə yanaşmaq vacibdir.

Ümumilikdə, Azərbaycan bu sahədə ciddi işlər görür. Əsas məsələ bu fəaliyyətlərin effektivliyi və real təsiridir. Vətənpərvərlik yalnız emosional çağırışlarla deyil, düşünülmüş və davamlı siyasətlə formalaşdırılmalıdır.

Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Dövlət siyasəti çərçivəsində bu sahəyə verilən önəm təqdirəlayiqdir. Qanunvericilikdə də bu məsələlər öz əksini tapır və həyatın müxtəlif sahələrində tətbiq olunur.

Eyni zamanda, milli kadr potensialının inkişafı da böyük əhəmiyyət daşıyır.

Bir sözlə, bu məsələ son dərəcə aktualdır və onun inkişafı yalnız media və ya sosial şəbəkələrdən deyil, bütövlükdə Azərbaycan cəmiyyətindən asılıdır”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, siyasi şərhçi Kənan Novruzov isə məsələyə belə münasibət bildirib:

“Media bütün dünyada ictimai rəyin formalaşdırılmasında əsas qlobal vasitələrdən biridir. Müxtəlif istiqamətlər üzrə ictimai şüurun formalaşması və dəyişdirilməsində medianın mühüm rolu var. Bu, xüsusilə hərbi-vətənpərvərlik mövzusu üçün də keçərlidir.

Cəmiyyətin əsas sütunlarından biri hərbi-vətənpərvərlik ruhunda böyüyən yeniyetmə və gənclərdir. Onların düzgün formalaşdırılması isə yalnız ailə tərbiyəsi və ya təhsil müəssisələrində aparılan işlərlə məhdudlaşmamalıdır. Daha geniş və professional fəaliyyətə ehtiyac var ki, burada medianın rolu xüsusilə ön plana çıxır.

Bu gün media bu istiqamətdə üzərinə düşən funksiyanı müəyyən dərəcədə yerinə yetirir. Televiziya və qəzetlərdə hərbi-vətənpərvərlik mövzusu prioritet istiqamətlərdən biri kimi təqdim olunur. Xüsusilə İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər medianın fəaliyyətinə ciddi təsir göstərib, jurnalistləri və redaktorları bu sahədə daha aktiv olmağa təşviq edib. Nəticədə, bu mövzuda hazırlanan materialların məzmununda da dəyişiklik müşahidə olunur.

İkinci Qarabağ müharibəsi yalnız torpaqların azad olunması, beynəlxalq hüququn bərpası və regionda yeni reallıqların yaranması ilə əlamətdar olmadı. Eyni zamanda, media üçün də yeni yanaşmaların formalaşmasına səbəb oldu. Əgər əvvəllər hərbi-vətənpərvərlik mövzusunda materialların əsas ideyası Qarabağın azad olunması idisə, bu gün əsas məqsəd əldə olunmuş nəticələrin qorunması və belə halların təkrarlanmamasıdır.

Bu baxımdan, hərbi-vətənpərvərlik mövzusunun təbliği və bu istiqamətdə ictimai rəyin düzgün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, mənfi tendensiyaların qarşısının alınması vacibdir. Buraya yalnız zərərli vərdişlərlə mübarizə deyil, həm də ictimai rəyə təsir etməyə çalışan müxtəlif qüvvələrin yaydığı zərərli tezislərin neytrallaşdırılması daxildir.

kenan novruzov
Kənan Novruzov

Bəzən bu cür qüvvələr açıq və ya gizli şəkildə “müharibə nəyə lazımdır?”, “torpaq uğrunda niyə mübarizə aparılmalıdır?” kimi fikirləri cəmiyyətə sırımağa çalışırlar. Bu cür yanaşmalar zərərli tendensiyalar kimi qiymətləndirilməli və onların ictimai şüurda kök salmasının qarşısı alınmalıdır.

Gələcəkdə hərbi-vətənpərvərlik mövzusunda verilişlərin sayının artırılması məqsədəuyğun ola bilər. Eyni zamanda, hərbi jurnalistlərin sayının artırılması, universitetlərin Jurnalistika fakültələrində “Konflikt jurnalistikası” fənninin daha geniş tədrisi vacibdir. Perspektivdə hətta bu sahə üzrə ixtisaslaşmış ayrıca televiziya kanalının yaradılması da müzakirə oluna bilər.

Ali məktəblərdə təhsil alan gənclərin vətənə xidmət imkanları da yenidən nəzərdən keçirilməlidir. Bu xidmət yalnız silahlı formada deyil, onların ixtisaslarına uyğun şəkildə də həyata keçirilə bilər. Məsələn:

  • jurnalistika üzrə təhsil alanlar informasiya cəbhəsində fəaliyyət göstərə bilər;
  • texniki sahə üzrə məzunlar müxtəlif texnoloji və avtomatlaşdırma layihələrində iştirak edə bilər;
  • informasiya təhlükəsizliyi sahəsində təhsil alanlar kibertəhlükəsizlik istiqamətində töhfə verə bilərlər.

Bu yanaşma daha effektiv və müasir model kimi qiymətləndirilə bilər. Onsuz da Azərbaycanın Silahlı Qüvvələrinin şəxsi heyəti kifayət qədərdir və ölkədə peşəkar ordu modelinə keçid prosesi davam edir.

Nəticə etibarilə, media hərbi-vətənpərvərlik ruhunun formalaşdırılmasında strateji rol oynayır və bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi vacib hesab olunur”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Safura Bənnayeva
Globalinfo.az

media 1

Paylaş: