“The Wall Street Journal” (WSJ) İsrailin ABŞ-ı İrana qarşı genişmiqyaslı hücumları bərpa etməyə inandırmağa çalışdığını yazıb. Nəşr bildirir ki, İsrailin hərbi hədəfləri ABŞ-ın məqsədlərindən getdikcə daha çox fərqlənir. İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampı İranın silah proqramlarını daha da zəiflətmək və ölkənin bərpa səylərini ləngitmək məqsədilə genişmiqyaslı hücumları yenidən başlamağa razı salmağa çalışdığı iddia edilir.
Məlumata görə, İsrail kəşfiyyatı ABŞ-a İranın uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaları Natanz yaxınlığındakı Kirka dağının altından keçən tunellərə köçürdüyü barədə məlumat ötürüb. İsrail rəhbərliyi bu kəşfiyyat məlumatının Vaşinqtonun İrana münasibətdə atacağı növbəti addımlara təsir göstərə biləcəyini və ABŞ-ı daha güclü yeni zərbələr endirməyə sövq edəcəyini düşünür.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, əgər məlumat təsdiqlənərsə, bu, İsrailin İranın nüvə proqramının tam dayandırılmadığı qənaətində olduğunu və Vaşinqtonu yenidən daha sərt hərbi addımlar atmağa inandırmağa çalışdığı mənasına gələcək:
“İsrail hesab edir ki, İran uranın zənginləşdirilməsi üçün istifadə olunan əsas avadanlıqları yeraltı obyektlərə köçürməklə nüvə potensialını qorumağa çalışır. Bu səbəbdən Təl-Əviv ABŞ-ın əvvəlki zərbələrinin kifayət etmədiyini əsaslandırmağa və İranın nüvə infrastrukturuna qarşı yeni, daha genişmiqyaslı əməliyyatların zəruriliyini gündəmdə saxlamağa cəhd göstərir.

Züriyə Qarayeva
Bununla yanaşı, ABŞ-ın belə bir qərar verməsi təkcə İsrailin mövqeyindən asılı deyil. Vaşinqton mümkün hərbi əməliyyatların regional sabitliyə, enerji bazarlarına və ABŞ-ın Yaxın Şərqdəki maraqlarına təsirini də nəzərə alır. Əgər İranın nüvə fəaliyyətini davam etdirdiyinə dair kəşfiyyat məlumatları təsdiqlənərsə, ABŞ üzərində təzyiq arta bilər. Əks halda isə Vaşinqton diplomatik və iqtisadi təzyiq alətlərinə üstünlük verməyə çalışacaq. Buna görə də yaxın dövrdə əsas mübarizə yalnız hərbi deyil, həm də kəşfiyyat məlumatları və siyasi qərarlar üzərində gedəcək”.
Turan Rzayev
Globalinfo.az