752484596 1924239291603431 599354468511521076 n

“Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi transformasiyalar dövlətlərin xarici siyasət prioritetlərini də əhəmiyyətli dərəcədə dəyişir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik, qlobal enerji bazarında baş verən dəyişikliklər, Avropa iqtisadiyyatının yeni logistika və enerji təhlükəsizliyi axtarışları Cənubi Qafqazı əvvəlkindən daha mühüm geosiyasi məkana çevirib. Məhz belə bir şəraitdə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni geosiyasi konfiqurasiyanın tələblərinə uyğun formalaşan strateji dialoqun göstəricisidir”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini şərh edərkən deyib.

Deputat bildirib ki, Almaniya Avropa İttifaqının (Aİ) ən böyük iqtisadiyyatı, Avropanın sənaye və texnoloji mərkəzi olmaqla yanaşı, Aİ-nin xarici siyasətinin formalaşmasında həlledici təsirə malik ölkələrdən biridir:

“Bu baxımdan Berlinlə münasibətlərin yeni mərhələyə yüksəlməsi Azərbaycanın Avropa istiqamətində siyasətinin mühüm komponenti sayıla bilər.

Son illərdə Almaniyanın Cənubi Qafqaza yanaşmasında nəzərəçarpacaq dəyişiklik müşahidə olunur. Əvvəllər region daha çox təhlükəsizlik və münaqişələr prizmasından qiymətləndirilirdisə, hazırda iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik prioritet məsələlər kimi ön plana çıxır. Bu dəyişiklikdə Azərbaycanın yaratdığı yeni regional reallıqlar mühüm rol oynayır.

Prezident İlham Əliyevin səfəri məhz bu transformasiyanın siyasi təsdiqi kimi qiymətləndirilə bilər. Berlin faktiki olaraq Cənubi Qafqaz siyasətində Azərbaycan amilini nəzərə almadan uzunmüddətli strategiya qurmağın mümkün olmadığını qəbul edir.

Səfərin ən mühüm nəticələrindən biri siyasi dialoqun institusional xarakter alması ola bilər.

Son illər iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər intensivləşib. Bu dinamika göstərir ki, münasibətlər artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır.

İki ölkə arasındakı əməkdaşlığın sənaye kooperasiyası, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, hidrogen texnologiyaları, innovasiya və yüksək texnologiyalar, peşə təhsili və insan kapitalının inkişafı, sənaye parklarına Almaniya investisiyalarının cəlb edilməsi istiqamətində genişlənməsi mümkün görünür. Xüsusilə də Almaniya biznesinin Azərbaycan iqtisadiyyatına marağının artması real perspektiv hesab olunur. Alman şirkətləri uzunmüddətli investisiya qərarları qəbul edərkən siyasi sabitlik, logistika imkanları və regional çıxış imkanlarını əsas meyar kimi qiymətləndirirlər. Azərbaycan isə bu üç göstərici üzrə regionun ən əlverişli ölkəsi kimi çıxış edir. Son illərin ən mühüm geosiyasi dəyişikliklərindən biri Almaniyanın diqqətinin tədricən Şərqə yönəlməsidir.

Əgər əvvəllər Almaniyanın region siyasətində əsas prioritetlər enerji idxalı və təhlükəsizlik məsələləri idisə, hazırda Orta Dəhliz, Transxəzər nəqliyyat marşrutu, Orta Asiya bazarlarına çıxış və tədarük zəncirlərinin şaxələndirilməsi əsas strateji istiqamətlərə çevrilib. Bu strategiyada Azərbaycanın rolu bir neçə aspektdə xüsusi əhəmiyyət daşıyır”.

elcin mirzebeyli 900x890 1
Elçin Mirzəbəyli

Deputat qeyd edib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında ən təhlükəsiz və sabit tranzit ölkəsidir:

“Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəni Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevirib.

Berlin üçün mühüm amillərdən biri tərəfdaşın öhdəliklərinə sadiq qalmasıdır.

Azərbaycan son illərdə enerji müqavilələri, tranzit layihələri və beynəlxalq logistik öhdəliklər üzrə etibarlı tərəfdaş kimi reputasiya formalaşdırıb.

Azərbaycanın təşəbbüsü ilə yaradılan nəqliyyat infrastrukturu Almaniyanın Orta Asiya bazarlarına daha qısa və təhlükəsiz çıxışını təmin edə bilər.

Nəticədə Bakı Almaniyanın Mərkəzi Asiya strategiyasında yalnız enerji tərəfdaşı deyil, həm də logistika habı funksiyasını yerinə yetirən ölkəyə çevrilir.

Nəzərə almaq lazımdır ki, Almaniya yaşıl transformasiya proqramında dünyanın aparıcı ölkələrindən biridir.Azərbaycan isə Xəzərin böyük külək potensialını Avropa bazarına çıxarmağı qarşıya məqsəd qoyur. Bu baxımdan tərəflərin maraqları üst-üstə düşür və enerji əməkdaşlığı ənənəvi neft-qaz formatından çıxaraq yüksək texnologiyalı “yaşıl tərəfdaşlıq” modelinə keçə bilər.

Müasir dövrdə logistika artıq yalnız iqtisadi məsələ deyil, geosiyasi təsir vasitəsinə çevrilib. Avropa şirkətləri Çin bazarına alternativ marşrutlar axtarır.

Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Almaniya üçün strateji əhəmiyyət kəsb edir.

Münasibətlərin gələcək inkişafında yalnız iqtisadi amillər deyil, elm və texnologiya əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır”.

Deputat vurğulayıb ki, Almaniya peşə təhsili, mühəndis hazırlığı, sənaye innovasiyaları, süni intellekt, yaşıl texnologiyalar sahəsində Avropanın liderlərindəndir:

Azərbaycan isə iqtisadiyyatın şaxələndirilməsi strategiyası çərçivəsində məhz bu istiqamətlərdə əməkdaşlığı genişləndirməyə maraq göstərir. Bu əməkdaşlıq uzunmüddətli perspektivdə ikitərəfli münasibətlərin ən dayanıqlı sütunlarından birinə çevrilə bilər.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin növbəti mərhələyə keçidini simvolizə edən mühüm siyasi hadisədir. Dəyişən beynəlxalq nizam fonunda Almaniya Cənubi Qafqaz siyasətində Azərbaycanı enerji təchizatçısı olmaqla yanaşı, etibarlı siyasi tərəfdaş, Avropa ilə Orta Asiyanı birləşdirən logistika mərkəzi və regional sabitliyin əsas aktoru kimi qəbul edir. Bu yanaşma Bakı-Berlin münasibətlərinə yeni strateji məzmun qazandırır.

Eyni zamanda, nəqliyyat dəhlizləri, yaşıl enerji, sənaye kooperasiyası, yüksək texnologiyalar və investisiya əməkdaşlığı üzrə formalaşan yeni gündəm göstərir ki, Azərbaycan-Almaniya əlaqələri klassik diplomatik çərçivəni aşaraq qarşılıqlı strateji maraqlara əsaslanan çoxşaxəli tərəfdaşlıq modelinə doğru inkişaf edir. Bu isə Azərbaycanın Avropa ilə əlaqələrinin dərinləşməsinə, Almaniyanın isə Cənubi Qafqaz və Orta Asiyada uzunmüddətli geoiqtisadi maraqlarını reallaşdırmasına xidmət edən mühüm platforma rolunu oynaya bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: