Prezidentin köməkçisi Hikmət Hacıyevin Almaniyada Tural Sadıqlı ilə dialoquna baxdım. Tural bu cür biabır olacağını bilsəydi, Hacıyevin həndəvərinə yaxınlaşmazdı. Əvvəla, Hikmət Hacıyev təmkinli, kübar rəftarı ilə Tural Sadıqlıya ustad dərsi vermiş oldu. İkincisi, Hikmət Hacıyev sərrast və məntiqli sözlərlə onun mövqeyini sarsıtdı. Üçüncüsü, bu “dəstə”yə elə gəlir ki, Azərbaycan dövləti və təmsilçiləri onlardan çəkinir, qarşılaşmağa ürək etmir. Yaxud polemikada onları üstələyə biləcəklər. Turalın Hacıyevin qarşısındakı duruşuna, səsinə diqqət edin: əzik və narahat şəkildə dayanıb, səsi zorla eşidilir. Fərqindədir ki, bu yolun sonu yoxdur, qanun qarşısında cavab verməli olacaq.
Yadıma Hikmət Hacıyevin COP29 tədbirində “Azadlıq Radiosu”nun, Toplum TV-nin, BBC-nin, Qərbdən maliyyələşən digər bu kimi media resurslarının təmsilçilərinin qərəzli mövqelərini ifşa etməsi düşdü. Onda yazmışdım ki, bu şəbəkənin qarşısına çıxıb suallarını cavablandırmaq çox vacib imiş. Qərəzli və səbatsız yanaşmalarını neytrallaşdırmaq lazımmış. Onları görməzdən gəlib, polemikadan yayındıqca özlərini ictimai rəyə qəhrəman və haqlı tərəf kimi sırıyırlar. Turalla bağlı da eynisi yaşandı. Bunların monitor qarşısında guruldamaqlarına baxmayın, ilk təmasda darmadağın olub gedirlər.
Bu ilin fevral ayında Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova verdiyi sərrast cavab onu nə günə qoydu. Mehriban xanımın 1 cümləlik cavabı Eminin bütün mövqelərini yerlə yeksan etdi. Monoloq söyləyib, layk qazanmaqla deyil. Bu cür polemikalarda kimin kim olduğu çılpaqlığı ilə üzə çıxır. Hikmət Hacıyev Münhendə oxşar təxribata cəhd edən Emin Hüseynova “utanmalısınız” deyərək, onun Azərbaycanın maraqlarına zidd mövqe sərgilədiyini vurğulamışdı.
Vətən xainlərini nə Allah bağışlayır, nə tarix, nə də millət. Belələri ömürlük lənətlik olur. Ətraflarında müvəqqəti mif yarana bilər. Amma bütün emosiyalar soyuduqdan sonra hamı öz layiq olduğu qiyməti alır. İnsanların qiymətini təkcə qanunlar, hüquq vermir. Həm də tarix və xalq verir. Kimi rəhmətlik olur, kimi lənətlik…
Azər Ayxan
Globalinfo.az