Xəbər verdiyimiz kimi, Türkiyənin bəzi bölgələrində son günlər müşahidə olunan nəhəng çəyirtkələr sakinlər arasında narahatlıq yaradıb. Evlərin eyvanlarına, pəncərələrinə və həyətlərinə qədər gələn iri həşəratlar sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Türkiyədə görünən iri çəyirtkələr hansı növə aiddir? Bu qədər kəskin artmasının səbəbləri nədir? Çəyirtkələrin Azərbaycanda da yayılma ehtimalı varmı?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, son günlər xüsusilə Türkiyənin İstanbul və Trakiya bölgəsində iri çəyirtkələr müşahidə olunur:
“Çəyirtkələrin sürü halında yayılmasına mövsümi və ekoloji amillər, o cümlədən rütubət təsir göstərir. Əsas səbəblərdən biri ot örtüyünün bol olmasıdır. Lakin qəfil quraqlıq və isti hava nəticəsində bitki örtüyü quruyur, çəyirtkələrin qida ehtiyatı kəskin azalır. Onlar da bu səbəbdən sürü halında yeni ərazilərə üz tutaraq qida mənbələri axtarırlar. Hələlik Türkiyədə həmin çəyirtkələrin hansı növə aid olması ilə bağlı entomoloji nəticələr açıqlanmayıb. Amma onların sağır çəyirtkələri və ya Misir çəyirtkələri olduğu ehtimal edilir. Çünki hər iki növ kifayət qədər iridir”.
Arzu Mustafayev
Ekspert bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) çəyirtkələr üzrə komissiyasının açıqladığı xəritəyə əsasən, Azərbaycan təhlükə zonasında yerləşmir:
“Buna görə də ölkəmizdə, xüsusilə ötən ayın sonunda dənizkənarı ərazilərdə müşahidə olunan çəyirtkələrin yayılması daha çox lokal və ekoloji xarakter daşıyır. İri çəyirtkələrin yayıldığı ərazi ilə Azərbaycan arasında təxminən 1700-2000 kilometr məsafə var. Bu baxımdan narahatlıq üçün əsas görmürəm”.
Ləman İmran
Globalinfo.az