8 Martda məktəblərdə pul necə və kimlər tərəfindən yığılır? – Proses belə aparılır

Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində orta məktəblərdə pul yığılması ilə bağlı müzakirələr başlayır. Elm və Təhsil Nazirliyi məktəb direktorlarına, müəllimlər xəbərdarlıq ünvanlasa da, valideynlərə pul yığmamaları üçün çağırış etsə də kampaniyanın qarşısını tam şəkildə almaq mümkün olmur.

Problemin səbəblərini Globalinfo.az-a şərh edən təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri əsas təşəbbüskarın valideynlər olduğunu bildirib:

“Hər il bayram ərəfəsində şagirdlərin valideynləri və yaxınları tərəfindən bu cür narazılıqla bağlı qeydlər sosial şəbəkələrdə öz əksini tapır. Məsələdə ən vacib və qıcıq doğuran məqam isə odur ki, problemə səbəb olanlar da elə məhz valideynlərdir. Bu, mənim subyektiv fikrim deyil, uzun illərdir müşahidələrim əsasında gəldiyim qənaətdir. Əmin ola bilərsiniz ki, 8 Martda, 5 Oktyabr Müəllimlər Günündə, digər bayramlarda pul yığılmasının əsas təşəbbüskarı məhz valideynlərdir. Əsasən özünü digər valideynlərdən üstün tutan, müxtəlif psixoloji əda nümayiş etdirməyə çalışan, bu addımı ilə məktəb rəhbərliyi və müəllimin gözündə seçilmiş valideyn olacağını düşənlər daha çox təşəbbüs göstərirlər. Bu, digər şagirdlərə və onların valideynlərinə həm maddi, həm də psixoloji basqıdır. Məsələnin mənəvi və hüquqi tərəfi bir yana, əsas problem elə psixoloji tərəflə bağlıdır. Sözügedən valideynlər bir araya gəlib özləri üçün qərar qəbul edirlər və bunu sinfin ümumi qərarı kimi açıqlayırlar. Təhsilimiz bu kimi valideynlərdən xilas edilməlidir”.

Mütəxəssis qeyd edib ki, bu problemi əsas olaraq valideynləri özləri həll edə bilərlər:

“Problemin həlli üçün vicdanlı, etik qaydaları, hüquqi prosedurları yaxşı bilən, təhsilalanla təhsilverənin münasibətini, valideyn-müəllim-şagird üçbucağını anlayan valideynlərdən ibarət komissiyalar yaradılmalıdır. Bu komissiya qanunsuz pul yığımlarının qarşısını alan əsas şəxslər rolunda çıxış etməlidirlər. Doğrudur, bəzi müəllim və direktorlar da bu kimi xoşagəlməz hallara yol verirlər. Amma əvvəlki illərə nisbətən bu hal xeyli azalıb. Elm və Təhsil Nazirliyi, Regional Təhsil İdarələri və digər aidiyyatı orqanlar buna qarşı ciddi mübarizə aparırlar. Məktəb, sinif, valideyn sayı olduqca çoxdur, bu səbəblə bəzən qarşısını almaq mümkün olmur. Amma valideynlər özlərinin və övladlarının şagird kimi hüquqlarını bilərsə, bu kimi hallara yol vermək mümkün olmaz. Belə valideynlərin qarşısında 100 müəllim də pul yığmağa çalışsa, bacarmaz”.

E.Nuri məsələ ilə bağlı valideyn komissiyalarının yaradılmasını təklif edib:

“Biz müəllim-şagird-valideyn, yəni təhsil üçbucağına formal baxırıq, bundan isə şagird mənfi təsir görür. Bu kimi məsələlərdə üçbucağın valideyn tərəfi boş qalır. Nəticədə isə narazılıqlar sosial şəbəkələrə yansıyır. Bu kimi qanunsuzluqlara şərait yaradan, eqoları üçün çalışan valideynlər digərləri tərəfindən linç edilməli, onların hegemonluğuna son qoyulmalıdır. Ən azı bir üzvü təhsil prosesinin iştirakçısı olan valideyn komissiyaları yaradılmalıdır. Bu komissiyalar ayda bir-iki dəfə məktəb rəhbərliyi ilə görüşməli, şagirdlərin problemləri ilə maraqlanmalıdırlar. Onlarla məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri arasında tez-tez görüşlər keçirilməlidir. Komissiya üzvləri məktəb psixoloqu ilə görüşməli, onlara qarşı tələblər irəli sürməlidirlər. Belə bir mexanizmin olduğu məktəbdə pul yığımından söhbət gedə bilərmi?”.

Globalinfo.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə keçirilən brifinqdə valideynlərə müraciət edərək, pul yığmağın pedaqoji dəyərlərə ziddi olduğunu söyləyib:

“Məktəblərdə 8 Martla bağlı hədiyyə və pul yığılması kimi neqativ hallar var. Belə hallarda valideynlər tərəfindən mütləq şikayət olmalıdır ki, bunun qarşısını alaq. Valideynlərə müraciət edərək demək istəyirəm ki, bu münasibətlə çox bahalı hədiyyələrin alınması, yaxud pulların yığılması pedaqoji dəyərlərə ziddir.

Müşahidələrimizə əsasən görürük ki, bənzər hallarda təşəbbüs çox zaman müəllimlər tərəfindən olmur. Təəssüf ki, valideynlər öz aralarında da buna yol verirlər. 8 Mart münasibətilə qadın müəllimlərimizi təbrik etməkdə pis heç nə yoxdur, biz də təbrik edirik. Amma bu, bahalı hədiyyələr və pul yığımı ilə edilməməlidir. Əgər məktəblər tərəfindən buna məcbur etmə halları varsa, Elm və Təhsil Nazirliyinin qaynar xəttinə məlumat verilsin, məsələyə baxılacaq. Biz məktəb rəhbərliyi ilə bağlı məsələlərdə ölçü götürə bilirik, amma məsələnin səbəbi valideynə bağlı olanda sadəcə onları bundan çəkinməyə səsləyə bilərik. Valideynlərimiz və şagirdlərimiz müəllimləri xoş sözlərlə, maddi dəyəri böyük olmayan hədiyyələrlə və açıqcalarla təbrik etsələr, daha xoş olar”.

Ayşən Mustafa
Globalinfo.az