Meydana avtomatla çıxmışdı: bu dəfə “döyüşə” iti ilə girdi – Batya necə qalib oldu?

WhatsApp Image 2025 01 27 at 17.01.35

Belarusda keçirilən prezident seçkilərində gözlənildiyi kimi Aleksandr Lukaşenko qalib gəldi. Bu seçkilərin əvvəlkindən fərqli olaraq sakit keçməsi diqqət çəkir.

Ötən prosesdə Lukeşankonun hakimiyyəti itirmə riski daha böyük idi. Hətta o, əlinə avtomat alıb, meydana çıxaraq rəqiblərinə meydan oxumuşdu. Lakin bu dəfə eyni hal müşahidə edilmədi. Hətta seçkiyə iti ilə gəldi. Onun qələbəsi üçün hər hansı ciddi rəqib və maneə demək olar ki, yox idi.

Bu, Qərbin zəifliyi və MDB məkanına təsir gücünün azalmasının nəticəsidir? Lukaşenko prosesə kənar müdaxilələrin olmaması üçün necə bir yol izlədi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko seçicilərin 86,82 faizinin hazırkı Prezident Aleksandr Lukaşenkonun lehinə səs verdiyini bildirib:

“Belarus Prezidenti bazar günü səsvermədən sonra mətbuata açıqlamasında seçki ilə bağlı etirazın gözlənilmədiyini qeyd etdi. Dövlətin başında olmasa belə, müəyyən edilmiş istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirən, 1994-cü il seçkilərində qalib gələrək, Sovet İttifaqının dağılmasından sonra Belarusun ilk və yeganə prezidenti olan Lukaşenkonun bəyanatı maraqla qarşılandı.

Lukaşenko mətbuata açıqlamasında bunları qeyd etdi: “Bu gün Belarus fərqlidir və hansı istiqamətə gedəcəyini bilir, marşrutunu anlayır. Mən olmasam da, heç kim bu yoldan dönməz. Biz bugünkü seçkilərdə taleyimizi təyin etmirik, bunu çoxdan müəyyənləşdirmişik. Bu seçki günü bizə məxsusdur. Artıq insanlar üçün daimi olanı qurmuşuq”.

Avropalı siyasətçilər isə Belarusdakı seçkilərin legitimliyini tanımadıqlarına dair sərt mesajlar veriblər. Almaniyanın xarici işlər naziri Annalena Berbok sosial şəbəkədə yayımladığı açıqlamada Belarus xalqının başqa seçiminin olmadığını deyib. O, seçki gününü azadlıq və demokratiya arzulayanlar üçün kədərli gün adlandırıb”.

zuriye qarayeva.jpg9799c2621
Züriyə Qarayeva 

Politoloqun sözlərinə görə, diqqət kəsb edən məqam budəfəki seçkilərdə həqiqətən də heç bir etirazın yaşanmamasıdır:

“2020-ci il avqustun 9-da Belarusda keçirilən əvvəlki prezident seçkilərində Lukaşenkonun ən güclü rəqibi Svetlana Tixanovskaya cəmi 10 faiz səs toplamışdı. Seçkilərdən sonra opponentlər Tixanovskayanın səslərinin oğurlandığını dedilər və ölkədə başlayan etirazlar aylarla davam etdi.

Görünür, Qərb artıq post-Sovet coğrafiyasına müdaxilə baxımından fiaskoya uğrayıb. Gürcüstan nümunəsi göstərdi ki, heç bunun üçün yetərli resurslar da artıq yoxdur. Müdaxilə edib daha urvatsız görünməkdənsə, Qərb institutlarının rəsmiləri daha çox sözlü bəyanatlarla kifayətlənməyə üstünlük verirlər”.

Turan Rzayev
Globalinfo.az