“Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün ABŞ istehsalı olan raket-interseptorların istehsalına lisenziya verilməsi ilə bağlı danışıqlar davam edir”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Lakin belə bir lisenziyanın əldə olunması belə, raketlərin qısa müddətdə istehsalına başlanacağı anlamına gəlmir”, – deyə o bildirib.
Ruttenin sözlərinə görə, yeni raketlərin istehsal xətlərindən çıxması üçün kifayət qədər uzun müddət lazım olacaq.
Baş katib əlavə edib ki, hazırda Ukraynanın mövcud ehtiyatlardan raketlərlə təmin olunması üzərində çalışır. Eyni zamanda ABŞ və Avropa ölkələri raket-interseptorların istehsalını sürətlə artırmağa, istehsal həcmini dörd və ya daha çox dəfə yüksəltməyə çalışırlar.
Qeyd edək ki, sentyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda görüş keçiriblər. Görüş zamanı digər məsələlərlə yanaşı, Ukraynada ABŞ-ın Patriot kompleksləri üçün raket-interseptorların istehsalının mümkünlüyü də müzakirə olunub.
Əliyar Xəlil
Globalinfo.az