Sosial şəbəkələrdə təkrar qeyri-etik hərəkətlər edən tiktoker polis tərəfindən saxlanılıb.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə 45 yaşlı Mansur İbadov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus “dahi” adlı səhifəsində canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Məlumata görə, Mansur ikinci dəfədir ki, eyni inzibati xətaya yol verir. Fakt əsasında polis əməkdaşları M. İbadovu saxlayıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü (510.2-ci maddəyə əsasən, yol verilən pozuntuların təkrar törədilməsinə görə) maddəsilə protokol tərtib olunub. 510.2-ci maddədə isə internetdə əxlaqsız ifadələr, jestlər və ya əxlaq normalarına zidd hərəkətlər nümayiş etdirməyə görə yol verilən pozuntular əks olunub.
M. İbadov ifadəsində hadisə zamanı sərxoş olduğunu və əməlindən peşman olmasını bildirib. O, həmçinin bir daha spirtli içki içməyəcəyinə və sosial şəbəkələrdə bir daha belə hallara yol verməyəcəyinə də söz verib.
Hakim onun bu sözlərini yüngülləşdirici hal kimi nəzərə alıb.
Məhkəmənin qərarı ilə Mansur İbadov bu dəfə 1500 manat məbləğində inzibati qaydada cərimələnib. Qeyd edək ki, bundan əvvəl o, eyni pozuntuya görə 1000 manat cərimələnmişdi.