Son günlər avtobuslarda sıxlıq sərnişinlər üçün ciddi narahatlıq yaradır. Bildirilir ki, xüsusilə qapalı və izdihamlı nəqliyyatda insanların uzun müddət bir-birinə yaxın olması müxtəlif tənəffüs yolu infeksiyalarının yayılma riskini artıra bilər.

Avtobuslarda sıxlıq hansı xəstəliklərin yayılma riskini artırır? Sərnişinlər özlərini qorumaq üçün nələrə diqqət etməlidirlər?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, avtobuslarda sıxlıq xüsusilə qrip, COVID-19, RSV, rinovirus və digər tənəffüs yolu infeksiyalarının yayılma riskini artırır:

“Qapalı və havasız mühitdə insanların bir-birinə yaxın olması virusların damcı, aerozol yolu ilə daha asan ötürülməsinə şərait yaradır. Sərnişinlər əl gigiyenasına diqqət etməli, üz-göz nahiyəsinə toxunmaqdan çəkinməli, xəstəlik əlaməti olan şəxslərlə yaxın təması azaltmalı və sıxlıq zamanı maskadan istifadə etməlidirlər. Xüsusilə öskürək, asqırma və hərarəti olan şəxslərin maska taxması vacibdir”.

Terapevt bildirib ki, sərnişinlər ilk növbədə mümkün qədər havalandırılması olan nəqliyyata üstünlük verməlidirlər:

“Pik saatlarda sıxlığın az olduğu vaxtlardan istifadə etməyə çalışmalıdırlar. Xəstəlik əlamətləri olan şəxslərin maskadan istifadə etməsi, sağlam insanların isə xüsusilə yoluxma hallarının artdığı dövrlərdə qapalı və sıx nəqliyyatda maska taxması faydalı ola bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: