rayon baki masinlar 1

Bakıda nəqliyyat sıxlığı artıq yalnız pik saatlarda müşahidə olunan problem deyil. Günün müxtəlif saatlarında əsas prospektlərdə və şəhərin mərkəzinə aparan yollarda uzun tıxaclar yaranır. Paytaxtda avtomobillərin və əhalinin sayının artması bu yükü artırsa da, problemin yalnız avtomobil və insan çoxluğu ilə izah edilməsi nə dərəcədə doğrudur?

Mövcud yol və nəqliyyat infrastrukturu artan avtomobil sayına uyğunlaşdırılmayıb? Paytaxtda tıxacların qarşısını almaq üçün hansı dəyişikliklərə ehtiyac var?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, “Formula 1” yarışlarına görə bəzi küçələrdə hərəkət məhdudlaşdırılıb, lakin Bakının tıxac problemi təkcə bununla bağlı deyil:

“Tıxac problemi əhalinin sıxlığı və bölgələrdən Bakıya axınla bağlıdır.  Bölgələrdə sosial vəziyyətin yaxşı olmaması səbəbindən Bakıya axın məsələsi gündəmə gəlir. İnsanların 50 faizi Bakıya iş üçün gəlirsə, digər 50 faizi də ona baxıb, marağa gəlir. Nəticədə kəndlər boşalır, Bakıda yaşayış kütləviləşir. Yaxud Bakıda yaşamaq imkanı olmayan insanlar Bakı ətrafında, Sumqayıtda və digər yaxın ərazilərdə məskunlaşırlar. Amma iş yerini harada tapırlar? Bakıda!

Bölgələrdə isə vəziyyət fərqlidir. Məsələn, bəzi yerlərdə əyləncə mərkəzinə ancaq icra başçısının qohumları, hansısa rayon rəhbərinin adamları gedə bilir. Başqa vətəndaş oraya gedib istirahət edə, əylənə bilmir. İndi bəzi turistik zonalarımız inkişaf edib. Bəs digərlərində vəziyyət necədir? Rayonlarda işsizlik və digər problemlər mövcuddur. Ona görə də bu məsələlər həllini tapmır”.

elmeddin45

Elməddin Muradlı deyib ki, Bakı sürətlə insanların məskunlaşdığı şəhərə çevrilib:

“Bu insanlar da nəqliyyat problemini yalnız o cür həll edirlər ki, əllərinə imkan düşən kimi avtomobil alırlar və sürətli şəkildə avtomobilləşmə gedir. Azərbaycanda avtomobilləşmə təxminən 100 nəfərə 20 avtomobil səviyyəsindədir. Bu, əslində, 40-45-ə qədər normal rəqəm sayılır. İndi görün, bizdə 40-45-ə çatdırsaq, onda nə başlayacaq.

Hər bölgənin sakinləri öz yerində, öz kəndində, öz elində-obasında olsa, vəziyyət bu həddə çatmaz. Problem həm də yol infrastrukturu ilə bağlıdır”.

Nəqliyyat eksperti bu məsələlərin artıq Milli Məclis səviyyəsində də müzakirə olunduğunu vurğulayıb:

“Deputatlar bölgələrin boşalmasının qarşısının alınması üçün məsələlər qaldırırlar. Cənab Prezident də yaxınlarda tapşırıqlar verdi ki, bölgələrin inkişafı, əhalinin Bakıdan bölgələrə, rayonlara qayıdışı ilə bağlı ciddi tədbirlər görülməlidir. Bu, uzun vaxt tələb edir. İnanırıq ki, məsələ ilə bağlı zəruri tədbirlər görüləcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: