WhatsApp Image 2026 09 25 at 13.09.29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasındakı çıxışında bu təşkilatda islahatların zərurəti – Təhlükəsizlik Şurası üzvlərinin artırılması fikirini yenidən səsləndirib.

Analitiklərin fikrincə, Ərdoğan bunu deməklə Türkiyənin Təhlükəsizlik Şurasında yer alması hüququna işarə edir. Maraqlıdır ki, BMT-nin Baş katibi Antonio Quterreş də son çıxışında təşkilatda islahatların zərurətini vurğuladı.

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, BMT Təhlükəsizlik Şurası artıq funksionallığını böyük ölçüdə itirib, hətta demək olar, ölü bir quruma çevrilib:

“Azərbaycan və dünya mətbuatında da bu mövzuda kifayət qədər materiallar dərc olunub. BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnaməni icra etdirə bilməməsi də qurumun imkanlarının və mexanizmlərinin nə dərəcədə məhdud olduğunu göstərən əsas nümunələrdən biridir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə səsləndirdiyi fikirlərdə də kifayət qədər həqiqət var. Onun “Dünya beşdən böyükdür” fikri artıq uzun illərdir beynəlxalq ictimaiyyətin diqqətindədir və Azərbaycanla yanaşı, bir sıra digər ölkələr tərəfindən də dəstəklənir. Doğrudan da dünya yalnız BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən ibarət deyil. Lakin bununla yanaşı, yaxın perspektivdə Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasını real hesab etmirəm. Çünki ilk növbədə mövcud beş daimi üzvün özünün buna münasibəti həlledici olacaq. Həmin beş ölkənin dünyanın ən güclü dövlətləri sırasında yer alması da onların mövcud statusdan imtina etməsini çətinləşdirir. Bununla belə, BMT-də islahatlara ehtiyacın olması şübhəsizdir və bu ehtiyac kifayət qədər böyükdür”.

Cavansir 675x900 1
Cavanşir Abbaslı 

Siyasi şərhçi qeyd edib ki, BMT rəhbərliyində də təşkilatın gücləndirilməsinin və mövcud mexanizmlərin yenilənməsinin vacibliyi barədə fikirlər səsləndirilir:

“1945-ci ildən fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı son illərdə tarixinin ən zəif dövrlərindən birini yaşayır. Buna görə də mövzunun beynəlxalq gündəmdə tez-tez qaldırılması gələcəkdə təşkilatın yenidən daha effektiv quruma çevrilməsi istiqamətində müəyyən addımların atılmasına töhfə verə bilər.

BMT Baş Assambleyasının 81-ci sessiyası da göstərdi ki, təşkilat daxilində ciddi islahatlara ehtiyac var. Düşünürəm ki, zaman keçdikcə bu ehtiyac daha qabarıq şəkildə ortaya çıxacaq və BMT-nin effektivliyinin artırılması üçün müəyyən addımlar atılacaq. Ən azından təsir imkanlarını itirməkdə olan bu quruma yenidən funksionallıq qazandırmaq üçün mexanizmlərin dəyişdirilməsi gündəmə gələcək.

Azərbaycan, ümumilikdə dünya üçün də BMT-nin əvvəlki çəkisinin və təsir imkanlarının qalmadığı qənaəti getdikcə daha çox səslənir. Bu baxımdan, mövcud vəziyyət davam edəcəksə, təşkilatın sadəcə formal şəkildə fəaliyyət göstərməsi beynəlxalq problemlərin həllinə ciddi töhfə verməyəcək. Əsas məsələ BMT-nin mövcudluğundan daha çox, onun real təsir imkanlarına malik, qəbul etdiyi qərarların icrasını təmin edə bilən və beynəlxalq təhlükəsizlik məsələlərində effektiv mexanizmə çevrilməsidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: