“Naxçıvanın elektrik enerjisinin tam olaraq yaşıl mənbələrdən təmin ediləcəyi gün uzaqda deyil”.
Bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Globalinfo.az-a açıqlamasında deyib.
O bildirib ki, energetika sahəsində həyata keçirilən layihələr təkcə bu sektorla məhdudlaşmır, həmçinin tikinti və yerli sənayenin inkişafına da təkan verir:
“Energetika Nazirliyi olaraq biz bu prosesin enerji aspektində daha çox maraqlıyıq. Lakin enerji deyib keçmək olmaz. Çünki bu sahədəki irəliləyişlər digər istiqamətlərdə də müsbət nəticələr yaradır, tikinti sektoru və yerli sənaye üçün əlavə imkanlar açır. İndiyədək həyata keçirilmiş, icrası davam edən və gələcəkdə planlaşdırılan layihələr üzrə tərəfdaşlarımızı bir araya gətirmişik. Bu, sahədəki yeniliklərin və forumların müzakirəsi üçün əlverişli platformadır”.
E.Soltanov günün əsas hadisələrindən biri kimi Vyetnam şirkəti ilə 1000 meqavatlıq günəş layihəsinin ilkin mərhələsinə dair anlaşma memorandumunun imzalanmasını qeyd edib:
“Bu günün ən böyük hadisəsi Vyetnam şirkəti ilə 1000 meqavatlıq günəş layihəsinin ilkin mərhələsinə dair anlaşma memorandumunun imzalanmasıdır. İşğaldan azad edilmiş Qarabağdan sonra Naxçıvan ölkəmizin strateji baxımdan ən həssas nöqtəsidir. Naxçıvanın elektrik enerjisi baxımından ana torpaqla inteqrasiyası istiqamətində genişmiqyaslı işlər aparılır. Bu tipli layihələr Naxçıvanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”.
Nazir müavini Naxçıvanda bərpaolunan enerji istehsalının yüksək həddə çatdığını bildirib:
“Bu ilin aprel, may və iyun aylarının böyük hissəsində Naxçıvanda istifadə olunan bütün elektrik enerjisi yalnız bərpaolunan mənbələrdən – su və günəş elektrik stansiyalarından əldə edilib. Bu il daha 25 meqavatlıq günəş stansiyası istifadəyə veriləcək, gələn il isə növbəti 25 meqavatlıq günəş layihəsi fəaliyyətə başlayacaq. İmzalanan yeni müqavilə göstərir ki, Naxçıvanın bütün elektrik enerjisinin tam olaraq yaşıl mənbələrdən təmin olunacağı gün çox da uzaqda deyil”.
Elnur Soltanov Naxçıvandan Türkiyəyə və daha sonra Avropaya uzanacaq yaşıl enerji dəhlizinin perspektivlərindən də danışıb:
“Türkiyənin enerji naziri Azərbaycanda olarkən bu xətti “yaşıl koridor” adlandırdı. Naxçıvanın həm ana torpaqla, həm də Türkiyə ilə birləşməsi burada yaşıl enerjinin daha böyük miqyasda inteqrasiyasına zəmin yaradır. Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya – Bolqarıstana uzanacaq yaşıl enerji dəhlizi kompleks dəhlizlər sistemimizin mühüm tərkib hissəsidir”.
E.Soltanov əlavə edib ki, Azərbaycan Türk dünyası ilə əməkdaşlıq çərçivəsində Mərkəzi Asiyanı da ölkə üzərindən Avropaya birləşdirəcək yaşıl enerji dəhlizlərinin reallaşdırılması istiqamətində işləri davam etdirir.
Zaira Akifqızı
Globalinfo.az