Qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik fonunda Azərbaycanın maliyyə sabitliyinin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir.
Globalinfo.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, qlobal iqtisadi şərait mərkəzi banklardan daha çevik və məlumatlara əsaslanan siyasət tələb edir:
“Mərkəzi Bankın son proqnozlarına əsasən, 2026-cı ilin sonunda qeyri-neft ÜDM-in artımı 3,4 faiz, cari əməliyyatlar hesabının profisiti isə 6,1 milyard dollar olacaq”.
Sədr Azərbaycanın makroiqtisadi göstəricilərinin investorlar üçün mühüm baza yaratdığını vurğulayıb. O bildirib ki, avqustun sonuna ölkənin strateji ehtiyatları 19,8 milyard dollar təşkil edib və bu vəsait 41 aylıq mal və xidmət idxalını qarşılamağa kifayətdir.
Mərkəzi Bankın sədri Azərbaycanın Orta Dəhlizdəki mövqeyinin də yeni investisiya imkanları yaratdığını bildirib. Onun sözlərinə görə, infrastruktur və logistikanın inkişafı nəticəsində Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək 3 dəfə arta bilər.
T.Kazımov həmçinin İslam maliyyəsi, yaşıl istiqrazlar və digər innovativ maliyyə alətlərinin Azərbaycana beynəlxalq kapitalın cəlb edilməsində əlavə imkanlar yaradacağını vurğulayıb.
Zaira Akifqızı
Globalinfo.az