Bakının 33 illik səhvi: “Bu, Rusiya arxivlərində saxlanılır…”

Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində müzakirə olunan əsas məsələ sərhədlərin delimitasiyasıdır. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə danışıb.

Nə üçün 1975-ci ilin, yaxud da ki, indi 1970-ci ilin, hətta bəzi təkliflərdə 1970-ci, 1990-cı illərin xəritələri, cavab çox sadədir və mən bu gün bu barədə açıq danışmaq istəyirəm. Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir”, – Prezident qeyd edib.

1918-ci ildə İrəvan şəhəri, sovetləşmədən sonra Zəngəzur Ermənistana verilib. Sovet illərində bu proses davam edib və sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilib. Məhz buna görə Ermənistan və onun havadarları sərhədlərin müəyyənləşdirilməsi üçün ötən əsrin 70-ci illərin xəritələrini əsas götürmək istəyir. Azərbaycan isə 1918-ci il xəritələrini gündəmə gətirməkdə maraqlıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan ona sərf edən xəritələri təklif edir və bu yolla delimitasiya-demarkasiyanı tamamlamaq istəyir:

“Ümumiyyətlə, xəritələr məsələsi çox ciddidir. Buna adi bir məsələ kimi baxa bilmərik. Misal üçün Azərbaycan müstəqillik əldə edərkən Ermənistanı SSRİ-dən çıxdığı ərazilər daxilində tanıdı. Halbuki bu çox ciddi bir siyasi səhv idi.

Belə ki, Paris sülh konfransında Cənubi Qafqazın de-yure tanınan xəritəsi var və o xəritədə nə Zəngəzur, nə Qarabağ, nə Naxçıvan, nə də Göyçə ərazisi Ermənistan ərazisi kimi göstərilir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktiki olaraq iki ölkənin bir-birinin müstəqilliyini tanıması reallığını dəyişdi. Yəni bu gün biz sülh sənədində hansı xəritə əsasında delimitasiya ediləcəyinə ciddi yanaşmalıyıq.

Qabil Hüseynli

Tarixi reallıqlar bərpa edilib, lakin bu prosesi genişləndirmək olar. Ermənistana bu istiqamətdə təzyiq etməli və əlimizi gücləndirməliyik. Ermənistanın təklif etdiyi 1970-ci il xəritələri bizim üçün məqbul deyil. Ermənistanın arqumentlərini çürüdəcək xəritələr var. Xüsusilə Rusiya arxivlərindən bu xəritələri əldə etmək olar.

Düzdür, mən Azərbaycanın məqsədinin tarixi torpaqları geri almaq olduğunu düşünməsəm də, ən azından Zəngəzur məsələsində dividentlər əldə etmək olar”.

Turan Rzayev
Globalinfo.az