Vaşinqton danışıqlarından sonra Moskva kimə yaşıl işıq yandıracaq – Ermənistana, Azərbaycana?

Azərbaycanla Ermənistan arasında hazırkı münasibətlər hansı perspektivə daha yaxındır: barışa, yoxsa savaşa?

Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda təşkil edilən sülh danışıqları yekunlaşdı. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşıb, müəyyən məsələlər üzrə mövqelər fərqli olaraq qaldı.

Vaşinqton görüşü hər nə qədər yekun sülhün əldə edilməsi baxımından müsbət qiymətləndirilsə də bir sual aktual olaraq qalır:

Maraqlıdır, yekun sülh olacaq, olmayacaq? Azərbaycanla Ermənistan arasında hazırkı münasibətlər hansı perspektivə daha yaxındır: barışa, yoxsa savaşa?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Vaşinqton danışıqları sülhün bərqərar olması üçün böyük imkan yaratdı, lakin reallaşması qarşısında tikanlı yollar hələ də qalır:

Aqşin Kərimov

“Vaşinqtondakı gərgin danışıqlardan sonra Moskva gündəliyində nələrin proqramlaşdırıldığına diqqət yetirmək gərəkdir.

Azərbaycan ərazi suverenliyinin mütləq təmini yolundakı çətinliklərin öhdəsindən mərhələ-mərhələ gəldikcə sülh danışıqlarının da rəngi Bakının xeyrinə calanır. Hər bir məqamda, hazırda yekun sülh sənədinin hazırlanması əməliyyatlarına Vaşinqtonun müəlliflik etməsi Azərbaycanın xeyrinə proseslərə töhfə verir.

Misal üçün, Vaşinqton müzakirələri Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin rəsmi Bakının tələbləri əsasındakı inteqrasiyasını konstruktiv seçim kimi onların qarşısına qoyur”.

Ekspertin sözlərinə görə, Ağ Evin vasitəçiliyi ilə başlanan danışıqlarda Qarabağ erməniləri üçün müstəsna hüquqları özündə ehtiva edən status barədə heç bir şey yoxdur:

“Status məsələsi həm Rusiyanın, həm də ABŞ-ın gündəliyindən çıxıb. Lakin Moskvanın Vaşinqtondakı diskussiyalardan sonra kimə və hansı şəraitdə yaşıl işıq yandırıb-yandırmayacağı qeyri-müəyyən olaraq qalır.

Hərçənd ki, Kremllə Azərbaycanın mövqelərini bir-biri ilə tutuşdurmaq təcrübələrindən çıxış etsək, burada ən çox ziyan çəkəcək tərəfin Ermənistan olacağı şübhəsizdir.

O ki qaldı təxribatların baş verməsinə, Rusiya Azərbaycan-Ermənistan sərhədlərində mümkün toqquşma ehtimalları üzərində fikirləşə bilər. Burada məqsəd sülhü bir həddə qədər pozmaq və dağınıq nizamda özünün tənzimləyici funksiyalarını işə salmaqdır”.

Turan Rzayev
Globalinfo.az