Türkiyənin bir qrup media nümayəndəsinin Antalya Diplomatik Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla müsahibəsi maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, jurnalistlərdən birinin Mirzoyana Türkiyənin xarici işlər naziri Hakan Fidanla bağlı sualı isə xüsusi diqqət çəkib.
Ermənistanın XİN başçısı Türkiyə ilə münasibətlərin normallaşması üçün aktiv müzakirələrin aparıldığını bildirib. O, Ankaranın bu məsələdə əvvəlcə İrəvan-Bakı əlaqələrinin bərpasına diqqət etdiyini vurğulayıb. Mirzoyan deyib ki, əslində ilk olaraq Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Azərbaycanla sülh prosesinə də müsbət təsir edə bilər. O, türkiyəli həmkarı ilə görüşdə də bu istiqamətdə müzakirə aparıldığını söyləyib.
Türkiyəli jurnalist Mirzoyana, “Siz Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının qarşı tərəfə müsbət təsir göstərə biləcəyini bildirəndə Hakan Fidan nə dedi?”, – sualını ünvanlayıb. XİN başçısı isə cavabında, “Bu sualı türkiyəli həmkarlarımıza verməyə dəyər. Cavab alsanız, mənimlə paylaşın”, – deyə qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az