Azərbaycanda bank kreditlərinin verilməsi qaydalarında dəyişiklik edilir. Mərkəzi Bank borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit risklərinin idarə olunması və zaminlik mexanizmi ilə bağlı tələbləri yeniləyib. Dəyişikliklərin noyabrın 9-dan qüvvəyə minməsi nəzərdə tutulur.
Yeni qaydalar kredit götürmək istəyən vətəndaşlara, eləcə də bankların kredit siyasətinə necə təsir edəcək?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, dəyişikliklərin əsas məqsədi borcalanların ödəmə qabiliyyətinin daha dəqiq qiymətləndirilməsi və kredit risklərinin azaldılmasıdır:
“Banklar kredit verərkən vətəndaşların gəlirlərini, mövcud borclarını, aylıq ödənişlərini və maliyyə imkanlarını daha ətraflı təhlil etməlidirlər. Bu, kreditlərin geri qaytarılma ehtimalının düzgün müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Yeni qaydalar vətəndaşların kredit əldə etmək imkanlarına təsir göstərə bilər. Rəsmi və sabit gəliri olan, borc yükü aşağı səviyyədə olan şəxslər kredit əldə etmək baxımından daha əlverişli vəziyyətdə olacaqlar. Bir neçə kredit öhdəliyi olan, gəlirlərinin böyük hissəsini borc ödənişlərinə sərf edən və ya gəlirləri qeyri-sabit olan şəxslərin kredit müraciətlərinə daha sərt yanaşıla bilər. Nəticədə, bəzi vətəndaşların kredit məbləği azaldıla və ya müraciətləri təsdiqlənməyə bilər”.
A.İbrahimovun sözlərinə görə, banklar üçün bu dəyişikliklər kredit risklərinin idarə olunmasında daha məsuliyyətli yanaşma tələb edir:
“Borcalanın gəlirlərinin və öhdəliklərinin təhlili, kredit tarixçəsinin nəzərə alınması və zaminin maliyyə imkanlarının qiymətləndirilməsi kredit qərarlarının keyfiyyətinə təsir edəcək. Bu yanaşma problemli kreditlərin yaranma ehtimalını azalda, bankların maliyyə dayanıqlığını gücləndirə bilər. Bununla yanaşı, kredit şərtlərinin sərtləşməsi əhalinin maliyyə resurslarına çıxış imkanlarına da təsir edə bilər. Xüsusilə gəlirləri tam rəsmiləşdirilməyən, lakin faktiki gəlir əldə edən şəxslərin ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı obyektiv meyarların tətbiqi vacibdir. Banklar riskləri azaltmaqla yanaşı, kreditə ehtiyacı olan vətəndaşların maliyyə vəziyyətini də düzgün qiymətləndirməlidirlər”.
İqtisadçı bildirib ki, ümumilikdə, yeni qaydaların effektivliyi onların tətbiqi zamanı risklərin nə dərəcədə düzgün qiymətləndirilməsindən asılı olacaq:
“Əsas nəticə borcalanların həddindən artıq borclanmasının qarşısının alınması, problemli kreditlərin azaldılması və bank sektorunda maliyyə intizamının gücləndirilməsi olmalıdır. Eyni zamanda, kreditləşmənin iqtisadi fəallığa və əhalinin istehlak imkanlarına mənfi təsirinin qarşısını almaq üçün tarazlı yanaşma qorunmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az