Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunmasından sonra müəssisədə imtahan sisteminin dəyişdiriləcəyi gözlənilir. Əsas məqsədin qiymətləndirmədə şəffaflığı artırmaq, mümkün korrupsiya hallarının qarşısını almaq və tədris prosesində obyektivliyi təmin etmək olduğu bildirilir.
Bu gözlənti özünü doğruldacaqmı? İmtahan sistemi dəyişdiriləcək?
Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli deyib ki, BDU-da imtahan sisteminin dəyişdirilməsi ilə bağlı gözləntilər hazırda ictimai müzakirələrdə geniş yer tutur:
“Bu gözləntilər əsaslıdır. Çünki yeni rəhbərliyin gəlişi adətən ilk növbədə qiymətləndirmə mexanizminə münasibətdə özünü göstərir. Qiymətləndirmə sistemi universitetin keyfiyyət göstəricilərindən biridir. Bu sahədə şəffaflıq təmin olunmadan nə universitetin reytinqini yüksəltmək, nə də tələbə və işəgötürənlərin etimadını qazanmaq mümkündür. Rəsmi qərar açıqlanana qədər konkret mexanizmlər barədə danışmaq düzgün olmaz. Lakin mövcud təcrübəyə və təhsil sistemindəki ümumi tendensiyalara əsaslanaraq düşünürəm ki, dəyişikliklər məhz imtahanların təşkili və nəticələrin qiymətləndirilməsi sahəsini əhatə edəcək. Buraya imtahan komissiyalarının yenidən formalaşdırılması və apellyasiya prosedurunun sadələşdirilməsi də daxildir”.
Əmrah Həsənli
Ekspert bildirib ki, ən vacib məqam qiymətin yalnız bir müəllimin subyektiv qərarından asılı olmamasıdır:
“Korrupsiya hallarının qarşısının alınması isə təkcə texniki tədbirlərlə mümkün deyil. İmtahan prosesi yenə də bir nəfərin nəzarətində qalarsa, hansı sistemin tətbiqindən asılı olmayaraq, risklər mövcud olacaq. Buna görə də imtahan nəticələrinin müxtəlif mərhələlərdə ayrı-ayrı şəxslər tərəfindən yoxlanılması, tələbə işlərinə ikinci müstəqil baxışın təmin edilməsi və bütün prosesin izlənilə bilməsi vacibdir.
Eyni zamanda, tələbələr qiymətləndirmə meyarları ilə əvvəlcədən tanış olmalı, nəticələrdən şikayət etmək və apellyasiya müraciəti vermək imkanları real şəkildə təmin edilməlidir. İmtahan sisteminin dəyişdirilməsi özlüyündə məqsəd olmamalıdır. Əsas məsələ tədris prosesində obyektivliyin bərpa edilməsidir. Yəni qiymət tələbənin müəllimlə münasibətini yox, onun biliyini əks etdirməlidir. Bunun üçün semestr ərzində aparılan müntəzəm qiymətləndirmənin, müstəqil işlərin və praktiki tapşırıqların çəkisi düzgün müəyyənləşdirilməlidir. Beləliklə, bütün qiymətləndirmə yükü yalnız semestr imtahanının üzərinə düşməməlidir”.
Ə.Həsənli qeyd edib ki, dəyişikliklər sistemli şəkildə aparılmalı, müəllim heyəti ilə müzakirə edilməli və əldə olunan nəticələr ictimaiyyətə açıq şəkildə izah olunmalıdır:
“Yeni rektorun bu istiqamətdə atacağı addımlar BDU-dan əlavə bütövlükdə ali təhsil sistemi üçün də nümunə ola bilər. Buna görə də proses diqqətlə izlənilir. Müsbət təcrübənin digər universitetlərdə də tətbiq olunmasını arzulayırıq”.
Ləman İmran
Globalinfo.az