Şəkidə qəbri tapılan xanla bağlı İLGİNC MƏLUMATLAR

Şəki Xan məscidi-qəbiristanlıq kompleksində bərpa işləri çərçivəsində aparılan qazıntılar zamanı tapılan qəbrin Şəki xanı Hacı Çələbinin nəvəsi  Məhəmmədhüseyn xana məxsus olması ictimaiyyətdə maraqla qarşılanıb.

Globalinfo.az Məhəmmədhüseyn xanla bağlı maraqlı məlumatları təqdim edir.

Qanlı taxt

Mənbələrdə Məhəmmədhüseyn xanın doğum yeri və tarixi haqda dəqiq məlumat yoxdur. Hakimiyyətə gəlişi isə kifayət qədər qanlı və bir o qədər də intriqalı olub.

Belə ki, 1755-ci ildə Şəkinin qüdrətli xanı Hacı Çələbinin vəfatından sonra onun oğlu Ağakişi bəy Şəkinin yeni xanı oldu. Lakin Ağakişinin xanlığı çox da üzün sürmədi. Belə ki, o, 4 il sonra – 1759-cu ildə qayınatası Qazıqumux hakimi Məhəmməd xanın dəvəti ilə qatıldığı görüşdə xaincəsinə öldürüldü.

Ağakişi xanın ölümündən sonra Şəkiyə hücum edən Məhəmməd xan xanlığın torpaqlarını taladığı kimi xəzinəni də qarət etdi. Məhəmməd xan Şəki xanlığının paytaxtı olan Nuxanı ələ keçirsə də, Məhəmmədhüseyn xan qonşu xanların hərbi yardımı ilə buranı geri alır və özünü Şəki xanı elan etdi.

Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi ədavətə səbəb olur. Məhəmmədhüseyn xan öz əmilərindən Cəfər ağanı öldürsə də, ikinci əmisi Hacı Əbdülqadir ağa Dardoqqaza qaçmağa nail olur. O, burada Qarabağ xanı İbrahim xan və gürcü çarı İrakli ilə təmaslar quraraq taxtı Məhəmmədhüseyn xandan almaq üçün lazımi dəstəyi əldə edir. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza hücum etsə də, uğur qazana bilmir.

Məhəmmədhüseyn xan əmisi ilə ədavətə son vermək üçün oğlu Məhəmmədhəsəni onun yanına əmanət göndərsə də, Hacı Əbdülqadir ağa onu həbs edərək Məhəmmədhüseyn xanın qatı düşməni olan İbrahim xana təhvil verir.

Qədim türk adəti ilə ölüm

1780-cı ilin avqustunda Hacı Əbdülqadir ağanın Dardoqqazdan göndərdiyi 60 nəfərlik dəstə gecə Nuxa ətrafındakı dağlarda gizlənir. Günorta saatlarında dağdan aşağı enən yaraqlılar Məhəmmədhüseyn xanın iqamətgahı Qurğuşunlu otağı (indiki Şəkixanovların evi) mühasirəyə alırlar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu Fətəli ağa ilə birlikdə onlara silahlı müqavimət göstərsə də, sonda yaralanaraq təslim olmaq məcburiyyətində qalır.

Hacı Əbdülqadir xanın əlinə keçən Məhəmmədhüseyn xan bir həftə zindanda saxlanıldıqdan sonra qədim oğuz türk adətlərinə uğun şəkildə, qanı axıdılmadan boğdurularaq edam edilir.

Tarixi mənbələrdə və rəvayətlərdə bəhs olunan saray

Şəki xanı Məhəmmədhüseyn xanın adını tarixə yazdıran ən önəmli hadisə, şübhəsiz ki, Şəki Xan sarayıdır. Şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatələnən ərazisində yerləşən bu sarayın bir sıra mənbələrdə Məhəmmədhüseyn xanın dövründə tikildiyi qeyd edilir.

Şair qəlbli xan

Məhəmmədhüseyn xan həm də şair olması ilə tanınır. “Müştaq” təxəllüsü ilə yazan xanın şeirlərinin çox az qismi günümüzə qədər gəlib çatıb. Orta əsr əlyazmaları kolleksiyaçısı Salman Mümtazın yazdığına görə, Məhəmmədhüseyn xan öldükdən sonra sərvətləri talan edildiyi üçün bir çox şeiri məhv edilib. Xanın şeirlər toplusu ilk dəfə Salman Mümtazın nəşr etdirdiyi kitabda işıq üzü görüb.

Sənətkarlara himayədarlıq edən Məhəmmədhüseyn xanın dövrünün məşhur şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi ilə sıx əlaqədə olduğu, yazışmalar apardığı məlumdur. Xanın ölümündən kədərlənən Vidadi “Müsibətnamə” adlı tarixi mənzuməsini onun faciəli ölümünə həsr edib. O, Məhəmmədhüseyn xanı “səxavət mənbəyi”, “qılınc və qələm sahibi”, “qorxmaz, ədalətli və təvəkkül sahibi” adlandırıb.

Turan Rzayev
Globalinfo.az