Xəbər verdiyimiz kimi, İran növbəti dəfə İsrail ərazisinə raket hücumu həyata keçirib. Bu barədə məlumatı İsrail ordusu yayıb.
Qeyd edək ki, bu gün İran və İsrail arasında qarşılıqlı atəşkəsin qüvvəyə mindiyi bildirilmişdi. Bu razılaşma, xüsusilə də İranın uzun müddətdir Hörmüz boğazı ilə bağlı səsləndirdiyi təhdidlərə son qoyulacağı ümidi yaratmışdı.
Lakin baş verən son hücum vəziyyətin əksinə inkişaf etdiyini və gərginliyin davam etdiyini göstərir.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, bölgədə vəziyyətin yenidən gərginləşəcəyi əvvəlcədən proqnozlaşdırılırdı:
“Tərəflər arasında atəşkəsin tam təmin olunmaması və döyüşlərin təkrar alovlanması son dövrlərdə müzakirə olunan Hörmüz boğazı məsələsini yenidən beynəlxalq gündəmə gətirib.
Əslində Hörmüz boğazının bağlanması təkcə Qərb ölkələri üçün deyil, elə İranın özü üçün də ciddi iqtisadi çətinliklər yarada bilər. Çünki İranın enerji ixracı da əsasən bu boğaz üzərindən həyata keçirilir. Son günlərdə İranın bölgədəki neft ehtiyatlarını sürətlə sataraq tükətməyə çalışdığı ilə bağlı iddialar yayılıb. Böyük ehtimalla bu ehtiyatların əsas alıcısı Çin olub. Bu da yaxın gələcəkdə İranın Körfəzə olan asılılığını azalda bilər”.
Əli Mustafayev qeyd edib ki, Hörmüz boğazının bağlanması təkcə regional deyil, qlobal iqtisadiyyata da ciddi təsir göstərər:
Əli Mustafayev
“Dünyada hasil olunan neftin təxminən 20 faizi məhz bu boğazdan keçir. Bu marşrutun bağlanması digər Körfəz ölkələrinin də ticarətinin dayanmasına və nəticədə bölgədə genişmiqyaslı iqtisadi böhrana səbəb olar. Neftin qiymətində sürətli artım baş verər və bu, dünyada inflyasiya dalğasının daha da güclənməsinə yol aça bilər. Bütün bu risklər bölgədə gərginliyin artırılması və qarşıdurmanın dərinləşməsinə yönəlmiş məqsədli addımların tərkib hissəsi ola bilər”.
Siyasi şərhçinin fikrincə, belə bir şəraitdə İran diplomatik çıxış yolu axtarmalı və başda ABŞ olmaqla, beynəlxalq tərəfdaşlarla danışıqlara üstünlük verməlidir:
“Normal ssenariyə görə, İran uzlaşma yollarını araşdırmalı, xüsusilə də ABŞ-la danışıqlar masasından yapışaraq yaranmış böhranı diplomatik yolla həll etməyə çalışmalıdır. Lakin görünən odur ki, Tehran bu yolu seçmir. İsrail və ABŞ-ın planlarından xəbərdar olduğu ehtimal olunan İranın artıq alternativi də qalmayıb. Hadisələrin inkişafı göstərir ki, bu qarşıdurma lokal xarakter daşımır. Əksinə, münaqişənin regional və hətta qlobal miqyasda böyüməsinə xidmət edən proseslər müşahidə olunur”.
Safura Bənnayeva
Globalinfo.az
