Qərbin Rusiya və Türkiyəyə Qafqaz həmləsi: Regionda yeni münaqişə ocağı yarana bilər

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin Komitə sədri Zahid Oruc Avropa Birliyinin Ermənistana 100 nəfərlik müşahidə missiyasının göndərilməsi ilə bağlı qərarını çox sərt şəkildə tənqid edib.

O, Ermənistana göndərilən müşahidə missiyasını ABŞ və Qərbin Cənubi Qafqaza qayıtması, burda silahlı qüvvə ilə təmsil olunması cəhdi kimi qiymətləndirib.

Bu həm də o deməkdir ki, Qərb Rusiyanı, habelə Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq üçün addımlara başlayıb.

Bəzi ekspertlər isə belə düşünür ki, ABŞ və Qərbin regiona qayıtması bölgədə böyük bir hərbi-siyasi qarşıdurmaya gətirib çıxara bilər.

 

Murad Sadəddinov

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Murad Sadəddinov deyib ki, Avropa Birliyi tərəfindən Ermənistana 100 nəfərlik müşahidə missiyasının göndərilməsi bir çox halda Ermənistana dəstək, Azərbaycanın isə əleyhinə görünsə də real vəziyyət tamamilə fərqlidir:

“Məsələ ondadır ki, həmin müşahidə missiyasının başlıca vəzifəsi Ermənistanda Rusiya təsirini real şəkildə görüb analiz etmək və bu təsirin azalması üçün vasitələr təklif etməkdir. Prinsip etibarilə Qərb Ermənistanda rus təsirini azaltmaq üçün aktiv şəkildə fəaliyyətə başlayıb və bu istiqamətdə Paşinyan da öz öhdəsinə düşəni edir. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanda antirusiya əhval-ruhiyyəsi hiss olunur.

Misal üçün, bir çoxlarının unutduğu bir məqam var ki, Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın KTMT-dəki nümayəndəsini həbs etdirdi. Bundan başqa, Paşinyan KTMT təlimlərinin Ermənistanda keçirilməsinə də icazə vermədi. Rusiyanın Ermənistandakı hərbi bazası önündə keçirilən etiraz aksiyaları da Paşinyanın birbaşa tapşırığı ilə həyata keçirildi.

Əlbəttə, bütün bunları Nikol Paşinyan təkbaşına edə bilməz. Ona təlimat bir başa Qərbdən gəlir. İndi isə Avropa Birliyi Ermənistana 100 nəfərlik müşahidə missiyası göndərir. Missiyanın fəaliyyət müddəti iki il üçün nəzərdə tuturlub.

Bir məqamı da qeyd edim ki, missiyanın əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədində fəaliyyət göstərəcəyi deyilsə də yeni qərarla həm də Ermənistan daxilində fəaliyyət göstərəcək. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, gələn missiya Azərbaycana qarşı deyil, Rusiyanın Ermənistandakı təsiri azaltmağa hesablanıb”.

Politoloq deyib ki, Qərb Rusiyanı regiondan sıxışdırıb çıxara bilsə də, Türkiyəni regiondan çıxarması heç də asan məsələ deyil:

“Rusiyanın Ukrayna müharibəsinə başının qarışması və gücünü günbəgün tükətməsi Kremlin təsir dairəsi hesab edilən regionda zəifləməsinə səbəb olub. Cənubi Qafqaz da belə regionlardandır. Qərb və ABŞ Rusiyadan boşalan regionlara nüfuz edib oranı təsir dairəsinə salmağa çalışır.

Bununla belə, Türkiyənin Cənubi Qafqazda təsiri kifayət qədər güclüdür. Rəsmi Ankara Bakı və Tiflis ilə yüksək əlaqələrə malikdir. Türkiyənin Cənubi Qafqazda nüfuzu artır və bu artım tempini nəzər alıb demək olar ki, Ankaranı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq heç də asan məsələ deyil”.

M.Sadəddinov ABŞ və Avropa Birliyinin Cənubi Qafqaza müdaxilə etməsi fonunda baş verə biləcək ehtimal hərbi-siyasi qarşıdurmalar haqda danışıb:

“Təəssüflər olsun ki, belə bir ssenarinin gerçəkləşməsi mövcuddur. Çünki Ermənistan öz ərazisinə nəzarət edə bilmir. Xüsusilə də rəsmi İrəvanın Qərb, Rusiya və İran ilə münasibətləri onun tədricən Suriyanın aqibəti ilə üzləşməsinə gətirib çıxara bilər. Belə ki, bu gün Suriyada ABŞ, İran və Rusiyanın dəstəklədiyi qruplaşmlar, eyni zamanda hərbçilər var.

Lakin hesab edirəm, nə Türkiyə, nə də Azərbaycan Ermənistanın Suriyanın aqibəti ilə üzləşməsinə icazə verməyəcək. Cənubi Qafqazda problemli ölkənin olması bütövlükdə regionu təhlükəyə ata bilər. Bizə Cənubi Qafqazda belə vəziyyətin yaranması sərf etmir”.

Turan Rzayev
Globalinfo.az