Qərb Rusiyaya qarşı elə bir silah işlədir ki… – Serb politoloqdan ŞƏRH

Serbiya və Kosovo arasında gərginlik yüksək həddə çatıb. Kosovo hökuməti avqustun 1-dən etibarən ölkədə yaşayan serblər də daxil olmaqla, hər kəs üçün dövlətə məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlamışdı. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlamışdı. Eyni zamanda, yollarda barrikadalar qurulmuş və bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olmuşdu. NATO-nun Kosovodakı missiyası regionda sabitlik pozulacağı təqdirdə, müdaxilə etməyə hazır olduğunu bəyan etmişdi.

Noyabrın 21-də Serbiya və Kosovo nümayəndələrinin mübahisəli məsələlərin həlli ilə bağlı Brüsseldə keçirilən görüşü nəticəsiz olub. Dekabrın 11-də isə Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

Serbiyada Geostrateji Araşdırmalar Mərkəzinin direktoru Draqana Trifkoviç Globalifo.az üçün mövzunu şərh edib.

D.Trifkoviç bildirib ki, Kosovo və Metoxiya ərazilərində serb əhalisi ilə separatçı Kosovo hakimiyyəti arasında münaqişə yenidən qızışıb:

“Serblər Kosovo və Metoxiyada çətin şərtlərdə yaşayırlar. Onlar davamlı işgəncələrə məruz qalır. Buna görə əsas məsuliyyəti bu əraziyə nəzarət edən beynəlxalq aktorlar, ilk növbədə KFOR, (Kosovoda sabitliyin qorunmasına cavabdeh olan NATO-nun rəhbərlik etdiyi beynəlxalq qüvvələr) daşıyır. Xatırladaq ki, 2004-cü ildə KFOR-un iştirakı ilə serb əhalisinə qarşı kütləvi qırğın həyata keçirilib. Bunu etmək üçün Kosovo albanları icazəni Qərbdən almışdı.

Müstəqil Kosovo ABŞ-ın layihəsidir. Bu məsələni illərdir beynəlxalq hüquqdan yan keçərək Brüssel danışıqları çərçivəsində Serbiyanın ziyanına həll etməyə çalışır. Son aylarda Qərbin Serbiya hakimiyyətinin Priştina ilə hərtərəfli saziş imzalaması və bununla da Kosovonun müstəqilliyini de-fakto tanıması ilə bağlı təkidli tələbi daha da artıb. Qərb dövlətləri beynəlxalq qüvvələr balansının onların xeyrinə dəyişmədiyini görür və Kosovonun müstəqilliyi layihəsini başa çatdırmaq istəyirlər ki, bu da onların bu ərazidə mövcudluğunu təmin edəcək. Onlar həmçinin hesab edirlər ki, Serbiya-Rusiya münasibətləri üçün əsas olan Kosovo məsələsidir və bu, Serbiyanın ziyanına həll olunarsa, Rusiyanın Balkanlarda təsiri də aradan qalxacaq”.

D.Trifkoviç qeyd edib ki, Qərb indi Serbiyaya qarşı iki tələb irəli sürür: biri Rusiyaya qarşı sanksiyaların tətbiqi, digəri Priştina ilə sülh sazişinin imzalanmasıdır ki, bu da Serbiyanın gələcəkdə bu ərazini öz tərkibinə qatmaq iddialarından imtina etməsi deməkdir:

“Eyni zamanda, Belqradı bu addımları atmağa məcbur etmək üçün münaqişəli vəziyyət yaradırlar. Aydındır ki, Kosovoda hakimiyyət özbaşına heç nəyə qərar vermir və Kosovonun müstəqilliyi qeyri-realdır. Kosovo hakimiyyəti tamamilə Qərbin nəzarəti altındadır. Bu səbəbdən Serbiya hakimiyyəti həlledici seçim qarşısında qalıb. Dövlət və milli maraqların ziyanına Qərbin şantajı qarşısında təslim olmaq və ya Serbiyanın konstitusiyasına və Kosovodakı əhalisini qorumaq öhdəliyinə uyğun olaraq ona müqavimət göstərmək.

Qeyd edək ki, serblərin demək olar 90%-i Kosovo və Metoxiyadan imtina edilməsinin əleyhinədir. Buna görə də hökumətin Serbiya vətəndaşlarının mütləq əksəriyyətinin iradəsinə zidd qərarlar qəbul etməyə cəsarət edəcəyini təsəvvür etmək çətindir. Bu baş verərsə, Kosovo və Metoxiyadakı serbləri 1990-cı illərdə Belqraddan kömək gözləyən və axırda traktorlarla qaçan Xorvatiyadakı serblərlə eyni aqibət gözləyir. Serbiya rəhbərliyi davamlı olaraq Balkanlarda sülhü qorumaq istədiyinə dair bəyanatlar verir, amma alban separatçıları sülh istəmirsə, bu necə olacaq? Hətta albanlarla sülh müqaviləsinin imzalanması da sülh gətirə bilmədi. Bu, ancaq Aleksandr Vuçiçin Qərbin tələblərini yerinə yetirməsi üçün bəhanə ola bilərdi”.

Politoloqun fikrincə, bu vəziyyətdən yeganə çıxış yolu uğursuz Brüssel razılaşmalarının ləğvi, Kosovo və Metoxiya ilə bağlı danışıqlar prosesinin beynəlxalq hüquq normaları çərçivəsində BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə uyğun aparılmasıdır.

“Kosovonun statusu BMT Təhlükəsizlik Şurası olmadan həll edilə bilməz və biz görürük ki, Qərb bunu başqa üsullarla etməyə çalışır. Qərb 1244 saylı qətnaməyə zidd olaraq Kosovo Ordusunu yaradıb və bir sıra qeyri-qanuni fəaliyyətlər həyata keçirib”, – D.Trifkoviç qeyd edib.

Gülnar Səlimova
Globalinfo.az