pasik

Ermənistanın Baş naziri Nikol Paşinyan 27 sentyabr tarixində İctimai Televiziyanın efirində konsert proqramının yayımlanmasına dair tənqidlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə brifinq zamanı danışıb.

Paşinyan emosional yanaşmanı başa düşdüyünü, lakin həmin günün 44 günlük müharibənin başladığı tarix olduğunu da nəzərə almağın vacibliyini vurğulayıb:

“Sentyabrın 27-də şəhidlərin anım günü olması ölkədə bütün televiziya kanallarının, restoranların, şadlıq saraylarının və digər əyləncə məkanlarının fəaliyyətinin dayandırılması anlamına gəlməməlidir.

Emosional məqamı nə qədər başa düşsəm də, reallıqla üzləşməliyik. Bu gün də 44 günlük müharibənin günüdür, bu gün şəhidlərimiz olub. Bəs nə edək – bütün televiziya kanallarını, şadlıq saraylarını, restoranları, barları bağlayaq? Məhz buna görə dövlət səviyyəsində ayrıca gün müəyyənləşdirilib”.

Baş nazir mövzu ilə bağlı “5-ci kanal”ın yayımını da nümunə göstərib. O, kanalın Robert Köçəryanın ailəsinə məxsus olduğunu iddia edərək həmin gün efirdə yayımlanan proqramları özü yoxladığını söyləyib.

Paşinyanın sözlərinə görə, həmin gün kanalda müğənni Arsen Qriqoryanın konserti nümayiş etdirilib və proqram çərçivəsində rəqs görüntüləri də yayımlanıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: