İranın inanılmaz iddiası: Mossad bu görüntüləri Bakıda çəkib? – FOTO

İyunun 25-də Cənubi Kipr mediası İranın bu ölkədə yəhudi xalqına qarşı əməliyyatının qarşısını aldığını məlumat vermişdi. İran tərəfi hesab edir ki, Kipr mediası heç bir sənəd və sübut göstərmədən həbs olunanların SEPAH ilə əlaqəsi olduğunu iddia edib. Gözlənildiyi kimi, bu əməliyyatın üzərindəki qalın sirr pərdəsi İran təbliğat maşını tərəfindən Azərbaycana qarşı növbəti böhtan kampaniyası üçün istifadəyə fürsət verib. “Maşhregh” “Bakıda Kipr əməliyyatlarının çəkiliş/Yusif Şabazi kimdir və Kipr əməliyyatının arxasında nə durur?” adlı yazısında xəbər verir ki, işğal olunmuş ərazilərdə (yəni Fələstində) və Avropada sionsit rejimin (İsrailin) bir neçə zabiti öldürüldükdən sonra “Mossad” agentləri çəkilişlər üçün Bakıya gedib.

Xatırladaq ki, “The Jerusalem Post”un məlumatına görə, “Mossad” Yusif Şahbazi Abbasəlilu adlı şəxsi ifşa edərək, onu İrandan qaçırdığını və onun etiraflarına əsasən Kiprdə İsraillə əlaqəli insanlara qarşı əməliyyatın zərərsizləşdirildiyini bildirmişdi.

“Mashreq” iddia edir ki, SEPAH-la əlaqəsi olan şəxsin qaçırılması ilə bağlı “The Jerusalem Post”dakı xəbər yol polisi əsgərlərinin fotosu ilə dərc edilib. Y.Şahbaziyə aid edilən etiraf videosunda o, Kiprdə olması və sui-qəsd əməliyyatını həyata keçirmək niyyəti ilə bağlı ətraflı izahatlar verir. “Bu media əməliyyatının üçüncü aktında “Mossad”ın İranın təhlükəsizlik aparatına hücumu xəbəri İsrail tərəfindən maliyyələşən farsdilli mediada sürətlə yayılır və bunu İranın kəşfiyyat sisteminə böyük zərbə kimi şərh etməyə çalışır”.

“Mashreq” daha sonra iddia edir ki, Y.Şabazinin Kiprdə olması ilə bağlı deyilənlərin əksinə olaraq, o, mayın 25-də qanuni şəkildə ölkəni tərk edərək Azərbaycana gedib. Belə ki, 2023-cü il mayın 25-i- Iran Air 749 saylı uçuşun sərnişin vərəqinin təsvirində reysin təyinat yeri Heydər Əliyev Beynəlxalq Hava Limanıdır . Y.Şahbazinin adı onun enişini təsdiq edən Azərbaycan reysinin sərnişin siyahısında 19-cu sıradadır.

“Şahçeraq” teraktında Azərbaycanın adı hallananda, İsraildən Azərbaycana silah daşımaları haqda “şok materiallar” dərc ediləndə, guya İrana birləşmək istəyən “Naxçıvan hərəkatı” haqda dezolar yayılanda mətn və fotoların analizini aparıb xəbərlərin yalan olduğunu göstərmişdik. İndiki halda belə analizə heç ehtiyac da qalmır: bilet İran AİR-ə aiddirsə, istənilən şəxsin adına, istənilən tarixə “satılmış biletin” skrinini düzüb qoşmaq çətin olmamalıdır. Xatırladaq ki, İsrail mediası Y.Şahbazinin İrandan Kiprə Türkiyə üzərindən getdiyini və İsrail kəşfiyyatının Türkiyə rəsmilərinə xəbərdarlıq göndərdiyini bildirirdi.

Yaxın tarixdə diqqətəlayiq məqam İtaliyada yüksək rütbəli “Mossad” zabitinin şübhəli ölümüdür. Belə ki, Tehran mediası öyünərək qeyd edir ki, İtaliya sahillərində iki italyan kəşfiyyatçı ilə yaxtada olan təcrübəli israilli zabit Aruz Şimoni İranın maraqlarına qarşı əməliyyat planlaşdırarkən “qəza nəticəsində” dünyasını dəyişib.

İnsident zamanı məxfi görüş və İranın hərbi və pilotsuz təyyarə proqramı ilə bağlı məlumat mübadiləsi üçün Lombardiya bölgəsinin sularına gedən azı 13 “Mossad” agenti daşıyan gəmi şübhəli şəkildə batıb və agentlərdən 4-ünün həlak olduğu iddia edilir. Maraqlıdır ki, bu hadisə Sayad Xodainin ölümünün ildönümü ilə eyni vaxtda baş verib və “Mossad” da zabitinin ölümünü təsdiqləyib. Əslən Cənubi Azərbaycanın Miyana şəhərindən olan Xodai SEPAH-n ziyarətgahları qoruyan zabitlərindən biri idi. 2022-ci il mayın 22-də Tehranda evinin qarşısında olarkən motosikletdə olan iki nəfər ona beş güllə ataraq qətlə yetirmişdilər. İran bunda “qlobal təkəbbürlə əlaqəli elementlər”i günahlandırıb, bu termin ABŞ və onun müttəfiqləri, o cümlədən İsraili nəzərdə tutur.

Beləliklə, İran təbliğat maşını istənilən hadisə, İsrail, ABŞ, əvvəllər isə Səudiyyə ilə ixtilaflarında Azərbaycanı ittiham etməkdə, ölkəmizi hədəfə gətirməkdə davam edir.

Cəmaləddin Quliyev, siyasi ekspert
Publika.az