İran ABŞ-la toqquşma yolunu seçdi: Regionda vəziyyət yenidən gərginləşir

tehran vasinqton scaled

İranın xarici işlər nazirinin müavini Abbas Araqçının son açıqlaması cəmiyyətdə rezonans doğurub. O, ABŞ-la danışıqlarda uranın zənginləşdirilməsinin tam dayandırılması tələb edilərsə, razılaşmanın mümkün olmayacağını bildirib. İranın ali rəhbəri Ayətullah Əli Xamenei də uranın zənginləşdirilməsi üçün heç kimdən icazə almayacaqlarını vurğulayıb.

“Qarşı tərəfə xəbərdarlıq etmək istərdim: vasitəçilər vasitəsilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri boş-boş danışmamağa çalışsınlar. İrana uranı zənginləşdirməyə imkan verməyəcəyinizi söyləmək böyük səhvdir” – Xamenei bildirib.

Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İranla dialoqu “uğurlu” adlandırıb.

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bir neçə gün öncə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında İranın nüvə proqramına dair dolayısı ilə aparılan danışıqları müsbət qiymətləndirdiklərini bəyan edib:

“Netanyahu, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini açıq şəkildə vurğuladı. İran isə cavab olaraq, nüvə texnologiyasından istifadə hüququna malik olduğunu və bu sahədə fəaliyyətinin şəffaf xarakter daşıdığını bildirir. Eyni zamanda Tehran nüvə silahı əldə etmək niyyətində olmadığını və bu istiqamətdə iş aparmadığını iddia edir”.

Siyasi şərhçinin sözlərinə görə, hazırkı şəraitdə İsrail və İran arasında birbaşa hərbi toqquşma ehtimalı yoxdur:

Həmçinin oxuyun:

“İranın yalnız bir şansı qalır, o da…” – Tanınmış güneyli hüquq müdafiəçisindən vacib açıqlamalar

sedreddin soltan 11

Sədrəddin Soltan

“Bu daha çox qarşılıqlı çəkindirici ritorikadan ibarətdir. Hər iki tərəfin məhsuldar adlandırdığı dolayı görüşlərin davam etdiyi bir vaxtda İsrailin bu prosesi pozması üçün real əsas yoxdur. Belə olduğu halda İranın da sərt cavab verməsi gündəmdən çıxır. Gələcəkdə bu dolayı danışıqların daha səmərəli formata keçməsi mümkündür. Tehran İsrail və ABŞ-la münasibətlərin daha da gərginləşməsini istəmir. Belə bir gərginlik İran hakimiyyəti üçün ciddi fəsadlar yarada bilər və ölkədə yeni vəziyyətin yaranmasına səbəb ola bilər ki, bunu da rejim arzulamır. Hazırkı ritorik açıqlamalar həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mesaj xarakteri daşıyır”.

Sədrəddin Soltan qeyd edib ki, ABŞ-İran münasibətlərində hazırda əsaslı dəyişiklik müşahidə olunmur:

“Vaşinqton və Tehran qarşılıqlı hədələr səsləndirsələr də, sonradan danışıqlara razılaşırlar. İki ölkə arasında diplomatik ritorika davam edir. Lakin tərəflər münasibətləri daha aydın şəkildə formalaşdırmağa çalışırlar. Bu intensiv dialoq həm mövqelərin yaxınlaşmasına, həm də düşmən tərəflər arasında müəyyən normallaşma meyillərinin yaranmasına səbəb olur. Digər tərəfdən, ərəb ölkələri ilə ABŞ arasındakı əlaqələrin yenilənməsi İranın regionda təklənməsinə yol aça bilər. Buna görə də Tehran rejimi vəziyyətin daha da gərginləşməsində maraqlı deyil”.

Safura Bənnayeva
Globalinfo.az