“Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməklə Türkiyəni bundan qoruyur” – Ekspert

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə intensiv danışıqlar aparır.  Bəzi ekspertlərin fikrincə, Ərdoğan bu addımları Türkiyədə may ayında keçiriləcək prezident seçkilərində müsbət xal qazanmaq üçün atır.

“Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, – Rəcəb Tayyib Ərdoğan prezident seçkiləri ilə bağlı çıxışı zamanı deyib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı tutduğu mövqe Ərdoğana daxili auditoriyada müsbət xal qazandırırmı?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri tərəfsiz siyasət yürüdüb:

“Rusiyanın aqressiv siyasət yürütdüyünü və Ukraynanın torpaqlarının beynəlxalq hüquqa zidd olaraq işğal və ilhaq edildiyini qəbul etməməklə hər iki tərəflə yaxşı münasibətlər qurmağa çalışıb və bu, beynəlxalq aləmdə təqdirlə qarşılanaraq müsbət nəticələr verdi.

Prezident Ərdoğanın nəticəyə nail olub-olmayacağına baxmayaraq Putin və Zelenski ilə görüşməsinin ən əsas səbəbi Türkiyənin bitərəflik siyasətini legitimləşdirmək məqsədi daşıyır. Digər tərəfdən, Türkiyə Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmayıb. Türkiyə ordan istədiyi qədər enerji ala bilir, bank əməliyyatlarını həyata keçirir, hava sahəsi açıq olduğu üçün ruslar həm turistik, həm də iqtisadi məqsədlərlə Türkiyəyə gələ bilir, eyni zamanda rus mallarına da hər hansı embarqo yoxdur”.

Ekspert qeyd edib ki, Türkiyə əslində gələcəkdə beynəlxalq ictimaiyyətin ona qarşı tətbiq edə biləcəyi ehtimal embarqo qərarının qarşısını almaq və ya Rusiya ilə eyni kateqoriyada dəyərləndirilmə risklərindən qaçınmaq məqsədilə vasitəçi rolunu davam etdirir:

“Bunun xaricində Ərdoğanın hər hansı bir məqsədi yoxdur. Türkiyə hazırda sürətlə prezident seçkilərinə doğru gedərkən Tayyib Ərdoğanın əli olduqca güclüdür. Türkiyədə müxalifət təəssüf ki, türk xalqının mənafeyi və ya gözləntiləri ilə uzlaşan bir siyasət yürütmədiyi üçün Ərdoğana ciddi bir alternativ olaraq görülmür. Daxildəki ictimai rəy Ərdoğanı dəstələyir. Xüsusilə son zamanlar Qarabağ savaşında Türkiyənin üzərinə götürdüyü rol, Liviyada dəniz sərhədləri ilə bağlı əldə edilən konsensus, Suriyada yürüdülən aktiv siyasət, terrorla mübarizə, müdafiə sənayesinin 80 faiz milliləşdirilməsi, sosial rifah üçün görülən tədbirlər türk xalqı tərəfindən təqdir edilir. Yəni Ərdoğanın beynəlxalq fəaliyyətlə daxili auditoriyada xal qazanmağa ehtiyacı yoxdur”.

H.İnaçın sözlərinə görə, Türkiyə milli təhlükəsizlik və terror problemlərinin qaynaqlandığı Bayden administrasiyasını düz yola gətirmək üçün mübarizə aparır:

“Bayden administrasiyası istər Şərqi Aralıq dənizində, istər Qara dənizdə, istərsə də F-35 proqramı və s. məsələlərdə Türkiyəyə qarşı düşmən mövqe tutur və daim onu küncə sıxışdırmağa çalışır. Suriyada terror dövləti qurmaq məqsədini gizlətmir. Hələ dünən 15 TIR silah yardımı bölgəyə daxil olub. Türkiyənin ən böyük problemi Suriyada 35 km-lik ərazidə “təhlükəsizlik zonası”nın müəyyənləşdirilməsi, ABŞ-ın PKK-ya dəstəyinin qarşısını almaq, Rusiya və Suriya rejimi ilə razılıq əldə edərək qaçqınların Suriyaya geri göndərilməsi ön plana çıxır.

Əslində Rusiya ilə danışılan məsələlər Qarabağ, Suriya, Liviya məsələlərindən bağlantısız şəkildə düşünülə bilməz. Ona görə də Ərdoğan Putin və Zelenski ilə danışıqları davam etdirərkən bu bölgədəki geniş geosiyasi balansı və problemləri də nəzərə alaraq belə bir fəaliyyət aparır”.

Gülnar Səlimova
Globalinfo.az