Əliyevin Fələstin bəyanatına İsrail nə deyəcək? – Azərbaycan Yaxın Şərqdə balans yaradır

Prezident İlham Əliyevin Misirdə verdiyi bəyanat dünya mediasının bir saylı mövzusuna çevrilib. Azərbaycanın dövlət başçısı həmkarı Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib ki, Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.

İndiki həssas geopolitik vəziyyətdə belə bir bəyanatın verilməsi Azərbaycanı yenidən dünya gündəminin mərkəzinə gətirir. İndi əsas suallardan biri budur ki, İlham Əliyevin bu mövqeyi İsrail-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Misir Yaxın Şərqin və Şimali Afrikanın ən nüfuzlu dövlətlərindən biri kimi daima beynəlxalq münasibətlər sistemində özünəməxsus rol oynayıb:

Hikmət Babaoğlu: Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, səmərəliliyini də artıracaq - AZƏRTAC

Hikmət Babaoğlu

“İstər Aralıq dənizi sahillərində, istərsə də Afrika və Yaxın Şərqdən Avropaya gedən yol üzərində öz coğrafi mövqeyinə görə aparıcı dövlət olmaqla bərabər, yüklərin daşınması, kommunikasiyaların qurulması kontekstində də çox böyük əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan-Misir münasibətləri müstəqillik əldə etdiyimiz dövrdən bəri qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanır. 30 illik konflikt boyu Misir həmişə İslam Əməkdaşlığı Təşkilatında, BMT və digər beynəlxalq, regional təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bu da iki ölkə arasında qarşılıqlı etimad və tərəfdaşlıq mühitini formalaşdırır”.

Deputatın sözlərinə görə, Yaxın Şərq hadisələri kontekstində Misir yenidən üzərinə böyük tarixi missiya götürə bilər:

“Qəzzada baş verən hadisələrdə humanitar fəlakətin, prosesin dövlətlərarası konfliktə keçməsinin qarşısının alınmasında Misirin mühüm rolu var. ABŞ və İsrail də baş verən hadisələri daima onunla müzakirə edir. Misir bizim üçün tərəfdaş ölkə olmaqla bərabər həm də böyük iqtisadiyyata malik dövlət kimi qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsində də müəyyən əhəmiyyət kəsb edir”.

Deputat vurğulayıb ki, Azərbaycan həmişə dövlətlərin ərazi bütövlüyü məsələsində beynəlxalq hüquqa istinad edir:

“Dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik. Çünki Azərbaycan ərazi bütövlüyünün pozulmasının nə demək olduğunu yaxşı bilir. BMT-nin aldığı qərarlar yerinə yetirilməlidir. Çünki bu cür qərarların yerinə yetirilməməsindən ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycan olub. İsrail-Fələstin münaqişəsi kontekstində Yaxın Şərqdə baş verən hadisələrin məntiqi təhlili də onu göstərir ki, hər iki tərəfin razılığı əsasında Fələstin və İsrail dövləti qurulmalıdır. BMT-nin qərarı da bundan ibarətdir. İki müstəqil dövlətin qurulmasını nəzərdə tutur”.

Safura Bənnayeva
Globalinfo.az