11293030

Ermənistan mediasında müzakirə olunan mövzulardan biri də hakimiyyətdəki sorosçuların iki yerə bölünməsi məsələsidir. Arman Babacanyan və Ovsep Xurşudyan kimi sorosçuların təcili referendum keçirərək Avropa İttifaqına üzvlük məsələsini həll etmək istədikləri diqqətə çatdırılıb. Lakin sorosçu qanadın başqa təmsilçisi Sona Kazaryan buna qarşı çıxıb. Kazaryan parlamentdə çıxışı zamanı digər qərbyönümlülərə İran faktorunu xatırladıb.

Bu məqamda ortaya sual çıxır: İrəvan İranla bağlı niyə risklər almaq istəmir? İrandan gözlənilən təhlükələr nələrdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Cənubi Qafqazda Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları kimi kənar qüvvələrin təmsil olunması qonşu dövlətlərin ürəyincə deyil və onlar öz imkanları daxilində buna mane olmağa çalışırlar:

“Çünki kənardan daxil olan qüvvələr burada mövcud olan qüvvələr balansını dəyişirlər. Belə olan halda yeni oyunçular “səhnəyə” daxil olur. Məhz buna görə də Rusiya və İran Avropa İttifaqının Ermənistan vasitəsi ilə regiona can atmasına qarşıdır. Onlar öz etirazlarını hələlik şifahi şəkildə Ermənistan rəhbərliyinə çatdırırlar. İran rəsmilərinin ikitərəfli görüşlər zamanı, həm də müxtəlif regional tədbirlərdə Paşinyan hökumətinə xəbərdarlıqlar etməsi barədə yetərincə məlumatlar var. Amma İrəvanda hakimiyyətin Avropaya inteqrasiya istiqamətində atdığı yeni addımlar bu xəbərdarlıqlara məhəl qoyulmadığından xəbər verir. Görünən odur ki, son zamanlara qədər Ermənistanı “öz orbitində” saxlayan bu dövlətlər onunla münasibətdə artıq sözdən daha çox işə keçməlidirlər”.

Politoloq bu sahədə müəyyən çətinliklərin olduğunu düşünür:

“Rusiya ətrafında baş verənlər hamıya məlumdur və indiki şəraitdə bu ölkənin Ermənistanla ciddi şəkildə maraqlanması çox çətindir. Rusiya-Ukrayna müharibəsi Kremli növbəti regional münaqişədən çəkindirir. Amma bu, heç də onun Ermənistanı özbaşına buraxacağı anlamına gəlməməlidir. Yekunda Rusiya növbəti dəfə Ermənistana nəyə qadir olacağını göstərmək məcburiyyətində qalacaq.

İrana gəlincə, onun da Ermənistanın apardığı xarici siyasətlə razı olmaması göz önündədir. Lakin Rusiyadan fərqli olaraq İranın İrəvana təsir etmək mexanizmi çox aşağı səviyyədədir. 30 il ərzində Ermənistan Azərbaycan torpaqlarını həm də İrandan gələn yardımlar hesabına işğal altında saxlayırdı. Artıq bu problem aradan qalxıb. Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edib və Ermənistanın bu məsələdə İrana ehtiyacı yoxdur. Buna görə də bu ölkə hazırda Avropa və Amerika ilə münasibətlərin inkişaf etdirilməsini İranla olan mövcud münasibətlərdən üstün tutur. Digər tərəfdən qlobal güclər tərəfindən ciddi sanksiyalara məruz qalan İran özü belə Ermənistanla olan pəncərəsini bağlamaq fikrindən uzaqdır. Bu reallıqları dərindən başa düşən Ermənistan Aİ və ABŞ-la münasibətlərini inkişaf etdirmək istiqamətində yeni addımlar atır.

Ancaq qeyd etmək lazımdır ki, danışdığımız detallar hazırkı vəziyyət və bugünkü reallıqdır. Sabahkı hadisələrin hansı sürprizlərlə ortaya çıxacağı isə məlum deyil”.

Safura Bənnayeva
Globalinfo.az

 

Paylaş: