NATO-Rusiya-Çin gərginliyi pik həddə çatıb. Bir-birilərini nüvə hücumu ilə hədələyirlər. Bu cür gərgin durumda Bakı NATO və Çin generallarının görüşünə ev sahibliyi edə bilərmi?
Xatırladaq ki, bundan öncə oxşar tədbirlərə Azərbaycan paytaxtı ev sahibliyi edib. Azərbaycan Kreml və Ağ Ev üçün neytral meydandır. Lazım gəldikdə ABŞ və Rusiya Bakıda çox ciddi, önəmli təmaslar edirlər. Yaxın keçmişdə bunun bir neçə örnəyi var.
2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Gerasimov Bakıda görüşüblər.
2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirilib.
2018-ci ilin aprelində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasında ilk görüş də Bakıda keçirilib.
2018-ci ilin dekabr ayında NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ikinci görüşünü də Bakıda keçirilib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, hazırda Rusiya və Qərb ittifaqının münasibətlərində ən kəskin mərhələ başlayıb:
Əziz Əlibəyli
“Çünki G7 və Sülh sammiti göstərdi ki, dünyada artıq iki fərqli güc mərkəzi yaranıb və hətta Çinmərkəzli güc dünyasının tamamilə başa çatmasına az qalıb. Putinin Çin, Şimali Koreya və Vyetnam səfərləri ilə bu ittifaqın təməllərinin daha da möhkəmləndirilməsi aşkardır. Ukrayna cəbhəsinə daha dağıdıcı silahların verilməsi və hətta açıq şəkildə NATO ölkələrinin müharibəyə qatılması prosesi başlayıb.
İndi sual budur: ən son mərhələyə – nüvə silahının tətbiqinə nə qaldı?”.
Ə.Əlibəyli bildirib ki, görünən odur ki, tarix hərbi-siyasi dövrün 1961-ci ilinə – Kuba böhranına qədəm qoymuşdur.
Hazırda rusları Ukrayna cəbhəsindəki qazanclar qane edir, Qərb qalib gələ bilmir və hökumətlər ictimai rəyi Rusiya əleyhinə dəyişə bilmirlər. Üstəgəl, nüvə silahına malik alternativ ölkələr fəallaşırsa, Qərbdə Rusiya ilə yekun müharibəyə getməyə razı prezident, lider tapmaq mümkün deyil. Proses qısa müddətdə çözülməzsə, Qərb siyasi böhrana (ifrat sağçıların hakimiyyəti) qısa müddətdə isə iqtisadi böhrana girəcək. Ona görə mütləq dialoq platforması axtarmaqla bağlı ilkin siqnallar ötürülür. Biz bunu indilik beyin mərkəzlərinin hesabatlarında, Slovakiya, İtaliya və Macarıstan rəhbərlərinin timsalında görürüksə, deməli, toqquşan tərəflərin ortaq görüş mərkəzi axtarmaqları artıq sirr ola bilməz. Bu kontekstdə ən uğurlu təcrübə və siyasi istiqamətdə görünən ölkə Azərbaycandır. İstisna edilmir ki, artıq Azərbaycan gündəmə gələcək”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, keçmişdə NATO ilə Rusiya arasında gərginliyin ortan qaldırılması istiqamətində görüşlər Bakıda keçirilmişdi:
Elxan Şahinoğlu
“Hazırda bu, mümkün deyil. Çünki Ukrayna müharibəsinə görə, NATO Rusiya ilə bütün təmasları bitirib. Belə görüşləri heç Rusiyada istəmir.
NATO-Çin münasibətlərində müəyyən gərginlik olsa da NATO-Rusiya gərginliyi qədər pik həddə deyil. Əslində Çin və Alyans təmaslara ehtiyac duymur. NATO Avropa qurumudur, Çin Avropa dövləti deyil. Məhz bu səbəbdən NATO və Çin arasında hər hansı təmaslara ehtiyac yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az