Deputat: “Mən istifadə etmirəm, həmkarlarımın da çoxu bu içkilərdən uzaqdır”

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin enerji içkilərinin satışına və istehlakına qadağa qoyulmasını təklif edib. Hətta deyib ki, “energetik içki içən və bundan sonra işə gələn deputatlar içəri buraxılmasınlar”.

Maraqlıdır, görəsən, eyni təklifi Azərbaycanda da irəli sürmək mümkündürmü? Buna zərurət varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələnin nə parlament, nə də başqa qurumla əlaqəsi var.

O, energetik içkilərin zərərli olduğunu qeyd edib:

“Hər kəs bilir ki, bu içkilər insan sağlamlığı üçün zərərlidir. Bütün dünya bu məsələdən danışır. İstər parlament, istər başqa qurumlar, istərsə də sadə vətəndaşlar özləri çalışıb həmin içkilərdən uzaq olmalıdırlar. Təəssüf ki, ölkəmizdə gənclərin çoxu energetik içkilərdən geniş istifadə edirlər. Bu da ciddi narahatlıq doğurur”.

C.Məmmədovun fikrincə, energetik içkilərdən uzaq olmaq insanın öz iradəsindən asılıdır:

“Bu mövzunu parlament müstəvisində müzakirəyə çıxarmağa və oxşar yanaşmadan istifadə etməyə ehtiyac yoxdur. Bu, insanların özünə aid olan bir məsələdir. Şəxsən mən istifadə etmirəm və bildiyim qədərilə həmkarlarımızın da çoxu energetik içkilərdən uzaqdır. Ola bilər, Rusiyada vəziyyət, şərait fərqlidir deyə, onlar belə qərara gəliblər. Amma bizdə energetik içkinin qadağan olunması müzakirə mövzusu deyil. Sadəcə hər bir insan çalışıb öz sağlamlığının qeydinə qalmalıdır. Düşünürəm ki, cəmiyyətdə, xüsusilə gənclərin bu içkilərdən uzaq olması üçün sözügedən məsələ ilə bağlı geniş təbliğatlar aparmalıyıq.

Zaira Akifqızı
Globalinfo.az