Dünya tarixində bir ilk: Bakının bu addımı qlobal gücləri qorxuya saldı

Globalinfo.az Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında son vəziyyət, bu istiqamətdəki yeniliklərlə bağlı Siyasi Texnologiyalar Mərkəzinin Prezidenti, siyasi texnoloq Vəli Əlibəyovla müsahibəni təqdim edir:

-Son günlərdə Ermənistanın davamlı olaraq Fransa və Hindistandan silah, o cümlədən müdafiə sistemləri aldığını görürük. İrəvanın məqsədi nədir?

-44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi maşını Azərbaycan tərəfindən darmadağın edilmişdi. Onların hərbi arsenalının bir hissəsi Qarabağ ərazisində aparılan döyüşlərdə məhv edildi, qalanları isə hazırda Bakıda Hərbi Qənimətlər Parkındadır. Demək olar ki, Ermənistanın özündə heç bir silah qalmamışdı. Ona görə də Fransa və Hindistandan silah alması başadüşüləndir. Təbii ki, hər bir ölkənin silahlı qüvvələri olmalıdır. Lakin İrəvanın əldə etdiyi silahlar əsasən köhnə, istifadə olunmuş mallardır. Paris və Dehlinin İrəvana silah göndərməsi əslində tamamilə kommersiya məqsədi daşıyır.

-Rəsmi İrəvan və ona yaxın olan Qərb dairələri, ABŞ institutları tez-tez Azərbaycan-Ermənistan sərhədində eskalasiya olacağına dair iddialar səsləndirirlər. Hazırkı sülh danışıqları hərbi münaqişə ilə nəticələnə bilərmi?

-Hərbi eskalasiya ilə bağlı bədbin proqnozları qəbul etmirəm. Doğrudur, hazırda Azərbaycan ABŞ və Avropa İttifaqı tərəfindən daha çox siyasi pressinqə məruz qalır. Dünyanın siyasi xəritəsinə nəzər yetirsək, orada hər 100-150 ildən bir sərhədlərdə dəyişikliklərin olduğunu görərik. Bunu da adətən böyük dövlətlər, güc mərkəzləri edir. Tarixdə ilk dəfə idi ki, Azərbaycan kimi nisbətən kiçik bir dövlət ərazi bütövlüyünü özü bərpa etdi və regionda yeni güc balansı yaratdı. Bu isə əlbəttə, heç bir böyük dövləti razı sala bilməzdi. Çünki Bakı heç kimin deyil, sadəcə öz maraqlarına uyğun olaraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan onlar üçün “sözə baxmayan uşaq”dır. Böyük dövlətlər və güc mərkəzləri kiçik dövlətlərin həmişə onlardan asılı olmağına öyrəşiblər. Beləliklə həmin dövlətlərə istədikləri zaman, istədikləri şəkildə təsir edə bilirlər.

-ABŞ və Avropa İttifaqının, həmçinin bəzi güclü tərəflərin Bakıya qarşı təzyiqləri, belə desək, qəzəbinin səbəbi nədir? Qərbin İrəvanla bağlı son qərarları hansı məqsədi daşıyır?

-Əvvəl biz düşünürdük ki, Qarabağ məsələsinin həll olunmamasının səbəbi Rusiyadır. Bu, belə idi. Lakin indi ABŞ və Avropa İttifaqının hərəkətlərini izləyən zaman anlayırıq ki, Minsk qrupuna daxil olan ölkələrinin hamısı münaqişənin həll olunmamasında maraqlı olub. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra onlar həm Bakıya, həm də İrəvana əsas təsir vasitələrini itirdikləri üçün çox əsəbidirlər. Ona görə də indi Azərbaycana qarşı belə siyasi təzyiq göstərməyə çalışırlar.

Ermənistan sərhədinə Avropa İttifaqının missiyasının gəlməsi Bakıya deyil, daha çox regionda hələ də varlığını qoruyan Rusiyaya qarşıdır. Onlar qısa müddətdə Rusiyanı bölgədən çıxarmağa çalışırlar. Bu proses hələ 4 il bundan öncə başlamışdı. İndi isə son mərhələyə çatıb. Cənubi Qafqazdakı gərginliyin də səbəbi budur.


Vəli Əlibəyov

-Bəs hazırkı vəziyyətdə Bakının nəzarətində nə kimi imkanlar var? Son hadisələrdən sonra Azərbaycan necə bir siyasi xətt izləməlidir?

-Azərbaycanın Türkiyə kimi bir müttəfiqi var. Ankara Şimali Atlantika blokunun ən güclü üzvlərindəndir. Ona görə də Bakının narahatlığına əsas yoxdur. Ötən günlərdə Türkiyə parlamenti qoşunlarının daha bir il Azərbaycanda qalmasına dair qərarı təsdiqlədi. Azərbaycan hökuməti də çox doğru bir siyasət xətti izləyir, təmkinli davranır. Bakı 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana sülh təklif etmişdi. Dünyanın heç bir yerində qalib gələn ölkənin məğlub tərəfi sülhə dəvət etdiyi görülməyib. Azərbaycan sadəcə xarici qüvvələrin təsirlərinə uymamalıdır. Biz müstəqil dövlətik, indiyə kimi necə xətt izləmişiksə, yəqin bundan sonra da o şəkildə davam edəcəyik. Bakı sona qədər sülh tələb etməlidir.

-Nikol Paşinyan və bir sıra Ermənistan rəsmiləri, o cümlədən ABŞ nümayəndələri tez-tez sülh müaqaviləsinin ilin sonuna kimi imzalanmasının mümkünlüyündən danışırlar. İndiki situasiyada bu, nə dərəcə real görünür?

-Proses bu ruhda davam edərsə, Ermənistan öz havadarları ABŞ və Avropa İttifaqının dediyi ilə hərəkət edər, onlara boyun əyərsə, ilin sonuna kimi hər hansı sülh müqaviləsinin imzalanmasını gözləmirəm. Proses yubanacaq. Necə ki, zamanında Minsk qrupu Qarabağ məsələsinin həllini 31 ilə yaxın müddətdə uzatmışdı. Lakin siyasət elə bir şeydir ki, hər an gözlənilməyən hadisə baş verə bilər. Ona görə hər şeyə hazır olmaq lazımdır.

-Son olaraq Azərbaycan Xarici İşlər Nazirliyi sülh danışıqlarının birbaşa əlaqəli tərəflər arasında keçirilməsi üçün İrəvana sərhəddə görüş təklif etdi. Müxtəlif platformalarda aparılan danışıqlardan sonra tərəflərin sərhəddə görüş keçirməsi prosesdə nə dərəcədə effektiv nəticə verə bilər?

-Azərbaycan Xarici İşlər Nazirliyinin sülh danışıqları üçün İrəvana sərhəddə görüş təyin etməsi çox normaldır. Məlumdur ki, danışıqlar dalana dirənib. Ermənistan tərəfi öz havadarlarının meydançasında sülh müqaviləsi ilə bağlı görüş keçirmək istəyir. Azərbaycan da təbii olaraq bunun əleyhinədir. Bakı Fransa və ABŞ kimi müxtəlif maraqları olan və niyyətini gizlətməyən ölkələrin obyektiv mövqe sərgiləyəcəyinə inanmır. Ermənistan da Gürcüstanda keçirilməsi təklif olunan görüşdən imtina etmədi. Bakı hər zaman iki xalqın birbaşa dialoq qurmasının tərəfdarı olub. İndi də sərhəddə görüş təklifi bunun göstəricisidir.

Ayşən Mustafa
Globalinfo.az